...

SOCAR şirkəti Gürcüstana qaz ixracı haqqında beş illik Memorandum imzalayıb

Energetika Materials 14 Noyabr 2008 19:36 (UTC +04:00)
SOCAR şirkəti Gürcüstana qaz ixracı haqqında beş illik Memorandum imzalayıb

Azərbaycan, Bakı, 14 noyabr/ Trend , müxbir S.Əliyev/ SOCAR şirkəti (Azərbaycanın Dövlət Neft Şirkəti) cümə günü Gürcüstanın Enerji Nazirliyi ilə Gürcüstana qaz ixracı haqqında beş illik Memorandum imzalayıb.

Sənədi SOCAR - ın prezidenti Rövnəq Abdullayev və Gürcüstanın enerji naziri Aleksandr Xetaquri imzalayıblar.

Saziş, 2009 - cu ildən başlayaraq, qarşıdakı beş il ərzində SOCAR-ın Gürcüstan bazarında aktiv fəaliyyətinə imkan yaradacaq. Memoranduma əsasən, SOCAR layihənin realizəsi üçün öz törəmə şirkətini yaradacaq və həmin şirkət vasitəsilə Gürcüstan hökumətinin müəyyən etdiyi qaz istehlakçıları qrupunu təmin edəcək.

Gürcüstan tərəfi qarşıdakı 5 il müddətində Rusiya qazının tranziti, Azərbaycan qazının Cənubi Qafqaz boru kəməri ilə tranziti və Azərbaycanın "Şahdəniz" yatağından hasil edilən kommersiya qazına görə Gürcüstana çatacaq qaz həcmlərini təsbit edilmiş qiymətlərlə SOCAR-ın törəmə şirkətinə satacaq.

SOCAR - ın törəmə şirkəti, öz növbəsində, Gürcüstanda sosial qruplara daxil olan abunəçilərin çatışmayan qaz həcmi ilə təmin edilməsi üzrə üzərinə öhdəlik götürür.

SOCAR şirkəti Gürcüstanda qazpaylayıcı şəbəkələrin idarəetməyə alınmasına da maraq göstərir. Hazırda Gürcüstan hökuməti ilə müvafiq sazişin imzalanması üçün danışıqlar aparılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti