...

Sofiyanın Misir, Azərbaycan və Türkmənistanla təbii qaz tədarükləri barədə razılaşmaları var – Bolqarıstan prezidenti

Energetika Materials 29 Yanvar 2009 15:21 (UTC +04:00)

Ötən ildən Bolqarıstan hökumətinin Misir, Azərbaycan və Türkmənistanla təbii qaz tədarükləri barədə prinsipial razılaşmaları var. Ümumilikdə bu dövlətlər hər il Sofiyaya dörd milyard kubmetrədək qaz ixrac edə bilərlər ki, bu da ölkənin tələbatını artıqlamasıyla ödəyir, - Bolqarıstan prezidenti Georgi Pırvanov cümə axşamı "Nikkey" qəzetinə müsahibəsində bildirib. O, Yaponiyada rəsmi səfərdədir, - İTAR-TASS yazır.

Onun sözlərinə görə, respublika enerji ehtiyatları tədarüklərinin mənbələrini genişləndirmək niyyətindədir. Bolqarıstanın lideri bununla əlaqədar Rusiya ərazisindən yan keçməklə Xəzər regionundan Qərbi Avropaya qaz nəqli üçün nəzərdə tutulan "Nabukko" qaz kəmərini xatırladıb.

"Bu layihədə Bolqarıstana tranzit ölkə rolu ayrılır. Lakin biz bir müddət əvvəl baş vermiş fasilələrə hazır olmaq istərdik və seçimi [tədarük mənbələrini] genişləndirməyə çalışacağıq", - Pırvanov vurğulayıb.

Prezident əlavə edib ki, Sofiya, ölkənin enerji sistemindən asılılığını azaltmaq üçün cari ildə "Kozloduy" atom elektrik stansiyasının reaktorlarını yenidən işə salmaq niyyətindədir. AES-in reaktorları Avropa İttifaqının təhlükəsizliklə bağlı narahatlıqlarına görə dayandırılmışdı.

"Bu AES-in vəziyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin tələblərinə uyğundur və bununla əlaqədar, Avropa İttifaqının bizim qərarımızla razılaşacağına ümid edirik", - Pırvanov vurğulayıb.

Xəbər lenti

Xəbər lenti