Azərbaycan, Bakı, 22 may / Trend , müxbir А.Hüseynbala /
Azərbaycan parlamenti cümə günü SOCAR və Total arasında "Abşeron" perspektiv dəniz blokunun kəşfiyyatı və işlənməsi barədə bağlanılan müqaviləni ratifikasiya edib.
Fevralın 27-də SOCAR və Total arasında "Abşeron" perspektivli dəniz blokunun kəşfiyyatı və işlənməsi barədə müqavilə imzalanıb. Üç il ərzində blokun üzərində 100 milyon dollar dəyərində bir kəşfiyyat quyusu qazılacaq. Sonrakı üç il ərzində isə daha iki quyunun qazılması planlaşdırılır.
SOCAR bu layihədə 40 faiz iştirak payı əldə edib. Total-ın payı - 60 faizdir. Kəşfiyyat dövründə SOCAR-ın payını Total maliyyələşdirəcək. Sonradan Total-ın payının bir hissəsinin digər Fransa şirkəti Gaz de France SUEZ-ə satılması mümkündür.
"Abşeron" bloku Bakıdan 100 km uzaqlıqda, 500 metr dərinlikdə yerləşir.
Ekspertlərin qiymətləndirmələrinə görə, bu yataqdakı qaz ehtiyatları ona yaxın yerləşən "Şahdəniz" yatağının ehtiyatları ilə müqayisə oluna bilər. Belə ehtiyatlar aşkar olunacağı halda, onun dünya bazarlarına çıxış məsələsi yarana bilər.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]