...

SOCAR şirkəti Türkiyədə yeni NEZ tikintisinə hazırlaşır

Energetika Materials 26 May 2009 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 may / Trend , müxbir E.İsmayılov /

Turcas Petrol və Injaz Projects şirkətlər alyansı ilə birgə Türkiyənin Petkim Dövlət Neft-Kimya Holdinqində 51 faiz iştirak payına malik olan SOCAR şirkəti (Azərbaycan Dövlət Neft Şirkəti) bu müəssisəni xammal ilə təmin etmək məqsədilə neft emalı zavodunun (NEZ) tikintisinə başlamağı planlaşdırır. Bu barədə SOCAR şirkətinin yüksək vəzifəli nümayəndəsi məlumat verib.

Mənbənin bildirdiyinə görə, hazırda xarici şirkət ətraf mühitə təsirin qiymətləndirilməsi, həmçinin zavodun ilkin texniki-iqtisadi əsaslandırılması üzrə hazırlıq işləri aparır. Mənbə bu işlərlə məşğul olan şirkətin adını açıqlamayıb.

"Hazırda böyük işlər görülür, tikinti işlərinin isə 2010-cu ildə başlanacağını gözləmək olar", - deyə mənbə vurğulayıb.

İlkin qiymətləndirmələrə görə, bu neft emalı zavodunun tikintisi üçün lazım olan sərmayələrin həcmini üç milyard dollar məbləğində proqnozlaşdırmaq olar, "lakin bu yalnız proqnozlardır, yekun rəqəmlərə öz təsirini göstərə biləcək xeyli sayda amil var", - deyə mənbə əlavə edib.

Sərmayələrin həcmi inşa ediləcək zavodun istehsal gücündən də asılı olacaq. Hazırda yeni zavodun ilkin istehsal gücü ildə təqribən 8-10 mln. ton məhsuldur.

SOCAR əvvəllər Türkiyədə neft emalı zavodu tikintisinin iki variantını nəzərdən keçirirdi. Onlardan biri Ceyhanda, digəri isə Petkim-dən uzaqda yerləşməli idi. Lakin mənbənin bildirdiyinə görə, hazırda prioritet variant Petkim neft-kimya kompleksi yaxınlığında NEZ-in inşasıdır.

Yeni NEZ, Petkim kimya müəssisəsini birbaşa qovulmuş benzin ilə təmin edəcək. Zavodun tikintisinə ən azı dörd il tələb olunur.

Hazırda Petkim Neft-Kimya Kompleksi məhsullarının Türkiyə bazarında payı 25-27 faiz təşkil edir. Lakin bu göstəricinin 40 faizədək artırılması planlaşdırılır. Hazırda bu neft-kimya kompleksinin regionda aparıcı müəssisəyə çevrilməsi üçün fəal iş aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti