Azərbaycanın resursları layihənin realizəsinin ilkin mərhələsində "Nabukko" qaz kəmərinin doldurulmasına yetərli ola bilər, ancaq layihənin realizəsi ilə bağlı bir sıra problemlər mövcuddur. Bunu Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov, bu gün Yaponiyanın Beynəlxalq Problemlər İnstitutunda çıxış edərkən deyib. Nazir Yaponiya paytaxtında rəsmi səfərdədir, İTAR-TASS yazır.
"Nabukko"nun - ildə 30-36 milyard kubmetr qazın nəqli ilə bağlı ambisiyalı layihənin - realizəsinin ilkin mərhələsində bu həcmi Azərbaycan öz üzərinə götürə bilər, - XİN başçısı bildirib. - Ancaq çətinliklər olan bir çox digər məqamlar var".
"Layihə bir yox, bir neçə ölkəni əhatə etdiyindən, onların hər biri ilə qazın getməsi üçün tranzit və tarif şərtlərini razılaşdırmaq lazım gəlir", - azərbaycanlı nazir qeyd edib. "Aİ daxilində bu məsələ üzrə vahid mövqenin hazırlanması da vacibdir, - o davam edib. - Avropa Komissiyasının onun "Nabukko"da maraqlı olması barədə bəyanatı var, ancaq ayrı-ayrı ölkələri götürsək, onlar məsələyə fərqli yanaşırlar".
"Mütəxəssislərin işini davam etdirəcəyi bir çox məqamlar qalır, - XİN rəhbəri əlavə edib. - Eyni zamanda bir çox başqa layihələr də, məsələn, Transadriatik Türkiyə-Yunanıstan-İtaliya boru kəməri, "Cənub axını", "Bəyaz axın" var ki, onlar da müzakirə mərhələsindədirlər".