...

Azərbaycanda sorbentin tammiqyaslı istehsalına sifarişlər alınandan sonra başlanılacaq

Energetika Materials 7 Avqust 2009 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 avqust / Trend , müxbir E.İsmayılov /

Azərbaycanda Ekol mühəndislik xidmətləri QSC və Ekonordragmet (Özbəkistan) alyansının məşğul olduğu tammiqyaslı sorbent istehsalına ilk sifarişlər alındıqdan sonra başlanılacaq. Bunu cümə günü QSC-dəki mənbə deyib.

"Sorbentin test partiyası artıq istehsal olunub, bütün avadanlıqlar iş vəziyyətindədir. Tammiqyaslı istehsala ilkin sifarişlər alındıqdan sonra başlanılacaq", - mənbə deyib.

Mənbənin dediyi kimi, dünya maliyyə-iqtisadi böhranı şəraitində sifarişsiz istehsala başlamaq səmərəli deyil. "Hələlik sorbentə sifariş yoxdur. Məhsulu istehsal edib saxlamaq məqsədəuyğun deyil", - o, əlavə edib.  

Belə ki, müqavilənin şərtlərinə uyğun olaraq, QSC-nin istehsalat ərazisində sorbent istehsalı üzrə Özbəkistandan gətirilmiş avadanlıqlar quraşdırılıb. Sorbent istehsalı üçün gətirilən avadanlıqlar Özbəkistanın Ekonordragmet şirkətinin lisenziyalı məhsullarıdır. Yaradılmış alyansa müvafiq olaraq, bütün lazımlı avadanlıqlar özbək şirkətindən gətirilməli və quraşdırılmalıdır. İstehsal qurğularının gücü saatda 30 kiloqram məhsuldur.    

Sorbent çirklənmiş ərazilərin və su hövzələrinin neftdən təmizlənməsində çox güclü vasitədir. Ekol istehsal olunmuş sorbentdən öz sifarişçilərinin istehsalat ərazilərində yerləşən süni nohurların və çirklənmiş torpaqların neftdən təmizlənməsində istifadə edəcək. Bu da öz növbəsində QSC-nin həyata keçirdiyi ekoloji layihələrin iqtisadi və ekoloji məhsuldarlığını əhəmiyyətli dərəcədə artıracaq.  

Fevralın sonunda Azərbaycanın Ekol QSC və Özbəkistanın Ekonordragmet şirkəti Bakıda sorbent istehsalı üzrə birgə alyans yaratmaq barədə müqavilə imzalayıblar. Razılaşma özbək tərəfinin Azərbaycana səfəri zamanı imzalanıb.

2006-cı il martın 1-də Abşeron yarımadasında ekoloji problemləri aradan qaldırmaq üçün yaradılan Ekol QSC-nin təsisçiləri ARDNŞ (51 faiz) və Lancer S.A. Services-dir (49 faiz).

Özbək-ingilis birgə müəssisəsi "Ekonordragmet" 15 fevral 2006-cı ildə yaradılıb və Özbəkistanın Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti