...

"Nabukko" konsorsiumu qaz satışı mənbələrinin prioritetlərini müəyyən edib

Energetika Materials 23 Avqust 2010 17:13 (UTC +04:00)
"Nabukko" qaz nəqli marşrutu layihəsinin iştirakçıları rəhbər komitənin Ankarada keçirilən sonuncu iclasında xəttin qazla təchizatı konsepsiyalarının modifikasiyası haqqında razılığa gəliblər.
"Nabukko" konsorsiumu qaz satışı mənbələrinin prioritetlərini müəyyən edib

Azərbaycan, Bakı, 23 avqust /Trend/

"Nabukko" qaz nəqli marşrutu layihəsinin iştirakçıları rəhbər komitənin Ankarada keçirilən sonuncu iclasında xəttin qazla təchizatı konsepsiyalarının modifikasiyası haqqında razılığa gəliblər. Bu barədə "Nabukko" konsorsiumunun məlumatında deyilir.

Layihə iştirakçıları tərəfindən boru kəmərinin qazla iki təchizat xətti (Türkiyə-Gürcüstan və Türkiyə-İraq sərhədlərindən) təsdiqlənib, eyni zamanda, müvafiq injinirinq işlərinin görülməsi üçün təlimatlar verilib.

Bu marşrutlar Azərbaycan, Türkmənistan və İraqdan qaz ixracını nəzərdə tutur.

Konsorsiumun məlumatında deyildiyi kimi, "Nabucco Gas Pipeline International" cari siyasi vəziyyətlə bağlı Türkiyə-İran sərhədindən qaz ixracının üçüncü xəttini planlaşdırmır.

"Nabukko" bir çox mənbələrdən ixrac layihəsidir və yalnız bir mənbədən və ya bir tədarükçüdən həyata keçirilən layihə olmayacaq. Xəzər dənizi və Yaxın Şərq dünyada qazla ən zəngin regionların sırasına daxildir və Avropaya qaz ixracı üçün böyük potensiala malikdirlər. Buna görə də bu regionlar layihənin diversifikasiyasında, eləcə də layihənin təhlükəsizliyində əsas rol oynayacaqlar", - konsorsiumun məlumatında deyilir.

Dəyəri 7,9 mlrd. avro olan "Nabukko" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.

"Nabukko" qaz kəmərinin tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Yunanıstan, eləcə də Türkiyə ilə İran arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabukko" qaz kəmərinin uzunluğu 2730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti