Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir E.İsmayılov/
Yanvar-iyul aylarında Türkiyənin dövlət boru kəməri şirkəti "Botaş" Türkiyəyə müxtəlif mənbələrdən 17,75 milyard kubmetr qaz idxal edib. 2009-ci ilin analoji dövründə bu göstərici 19,2 milyard kubmetr təşkil edib. Bu barədə "Botaş" şirkətinin rəsmi internet saytında yerləşdirilən məlumatda deyilir.
Ümumilikdə 2009-cu ildə "Botaş" Türkiyəyə 33,6 milyard kubmetrdən artıq qaz idxal edib. 2008-ci ildə bu göstərici 37,8 milyard kubmetr kubmetr təşkil edib.
Yanvar-iyul aylarında "Botaş" boru kəməri şirkətinin ixrac əməliyyatlarının payına 313 milyon kubmetr qaz düşüb. 2009-cu ildə bu göstərici 721 milyon kubmetr, 2008-ci ildə 443 milyon kubmetr, 2007-ci ildə isə 31 milyon kubmetr olub.
Yanvar-iyul aylarında Türkiyənin daxili bazarında 17,77 milyard kubmetrdən artıq qaz satılıb. 2009-ci ilin analoji dövründə bu göstərici 19 milyard kubmetr təşkil edib.
2009-cu ildə Türkiyənin daxili bazarında 32 milyard kubmetrdən artıq qaz satılıb. 2008-ci ildə bu göstərici 36 milyard kubmetr, 2007-ci ildə isə 35,1 milyard kubmetr təşkil edib.