...

İlin sonunadək "Nabucco" layihəsi üçün qazın nəql yolları müəyyən ediləcək – Taner Yıldız

Energetika Materials 26 Avqust 2010 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir A.Axundov/

İlin sonunadək "Nabucco" layihəsi üçün qazın nəql yollarının müəyyən edilməsi üzrə işlər başa çatacaq. Bu barədə Türkiyənin energetika naziri Taner Yıldız çərşənbə günü Suriya səfiri Nidal Kabalanla görüşdən sonra deyib. Məlumatı Anadolu agentliyi yayıb.

"Bütün görüşlərimizdə biz "Nabucco" üçün Azərbaycan, Türkmənistan, İraq və İranı qaz tədarükçüləri qismində nəzərdə tutduğumuzu qeyd edirik. Türkiyəyə "Nabucco" üçün qazın üç girişi var - Gürcüstan sərhədindən, İraqın şimalından və İran sərhədindən. İlk 2-si üzrə ilkin razılaşma əldə olunub. Azərbaycan qazı Gürcüstan sərhədindən daxil olacaq. Biz ötən həftə bunu Bakıda bir daha müzakirə etdik. Baş nazir Maliki isə hələ 2009-cu il iyulun 13-də deyib ki, İraq layihəyə qoşulur və qaz ixracı həcmini 15 milyard kubmetrədək çatdıracaq. İlin sonunadək layihə üçün qazın nəql yollarının müəyyən edilməsi üzrə işlər başa çatacaq", - Taner Yıldız bildirib.

Onun sözlərinə görə, İrana münasibətdə BMT TŞ-nin tətbiq etdiyi sanksiyalara Türkiyə də qoşulur, lakin onlar ölkənin daxili tələbatının ödənilməsi üçün İran nefti və qazının alınmasına aid deyil.
"Türkiyə bu ticarəti beynəlxalq hüquq çərçivəsində aparır. Neft məhsullarının ticarəti özəl sektora məxsusdur", - Taner Yıldız bildirib.

Dəyəri 7,9 mlrd avro olan "Nabucco" qaz kəməri ilə Azərbaycan və Mərkəzi Asiyadan Aİ ölkələrinə qaz ixracı nəzərdə tutulur. Qaz kəmərinin çəkilişi 2011-ci ilə təyin edilib. İlk tədarüklərə 2014-cü ildə start veriləcək.

"Nabucco" qaz kəməri tikintisi iki əsas fazanın gedişində həyata keçiriləcək. Tikintinin birinci fazasına (2011-ci il) Türkiyə sərhədindən başlayaraq, Avstriyanın Baumqarten şəhərində başa çatan 2 min kilometr uzunluğunda boru kəmərinin çəkilişi daxildir. İkinci fazaya (2014-2015-ci illər) boru kəmərinin Türkiyə və Yunanıstan, eləcə də Türkiyə ilə İran arasında yerdə qalan hissəsinin tikintisi daxildir.

"Nabucco" qaz kəmərinin uzunluğu 2 730 kilometr olan birinci hissəsinin tikintisinə Ankaranın (Türkiyə) cənub hissəsindən başlanacaq və qərb istiqamətində Mərkəzi Anadolu və Mərmərə dənizindən keçərək, Bolqarıstan sərhədinədək uzanacaq. Bu marşrutun 75 faizi mövcud boru kəmərləri vasitəsilə çəkiləcək.

Layihənin iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər paya - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti