Аzərbaycan, Bakı, 26 oktyabr /Trend/
ARDNŞ (Azərbaycan Dövlət Neft Şirkəti) Xəzərin Azərbaycan sektorundakı "Günəşli" yatağında yeni qaz-kondensat quyusunu istismara verib. Bu barədə şirkətin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Məlumatda deyildiyi kimi, "Günəşli" yatağındakı 13-cü özüldən 312 nömrəli quyu qazmadan sonra istismara verilib. Girməki Altı Lay Dəstəsinə qazılmış quyu 3 613-3 593 metr intervaldan sutkada 120 min kubmetr qaz, 20 ton kondensat verir.
Quyu "Azneft" İstehsalat Birliyinin sifarişi ilə "SOCAR-AQŞ" Müştərək Müəssisəsinin mütəxəssisləri tərəfindən qazılıb.
Azərbaycanda 59 neft-qaz yatağı var. Onlardan 18-i dənizdə, yerdə qalanları isə quruda yerləşir.