...

Ukrayna Nazirlər Kabineti Azərbaycan ilə maye qaz tədarükü üzrə memorandumu təsdiq edib

Energetika Materials 6 Dekabr 2010 17:33 (UTC +04:00)
Ukrayna Nazirlər Kabineti "Ukrayna Nazirlər Kabineti və Azərbaycan Respublikası Hökuməti arasında Ukrayna ərazisinə maye qaz tədarükünün təşkil edilməsi üzrə əməkdaşlıq barədə memorandumun imzalanması haqqında" sərəncam verib.
Ukrayna Nazirlər Kabineti Azərbaycan ilə maye qaz tədarükü üzrə memorandumu təsdiq edib

Azərbaycan, Bakı, 6 dekabr /Trend/

Ukrayna Nazirlər Kabineti "Ukrayna Nazirlər Kabineti və Azərbaycan Respublikası Hökuməti arasında Ukrayna ərazisinə maye qaz tədarükünün təşkil edilməsi üzrə əməkdaşlıq barədə memorandumun imzalanması haqqında" sərəncam verib. Bu barədə Ukrayna hökumətinin rəsmi internet portalında yerləşdirilən məlumatda deyilir.

Məlumata görə, memorandum Azərbaycan ilə Ukrayna ərazisinə maye qaz tədarükü sahəsində qarşılıqlı faydalı əməkdaşlığın qurulması və Ukrayna tərəfindən Qara dəniz hövzəsinə çatdırılacaq maye qazın yenidən qazlaşdırılması üzrə terminalın tikinti layihəsinin həyata keçirilməsi üçün lazımi təşkilati və texniki-iqtisadi şəraitin təmini məqsədilə hazırlanıb.

"Qara dəniz sahilində maye qazın yenidən qazlaşdırılması üçün terminalın tikintisi layihəsinin həyata keçirilməsi Ukraynaya qaz tədarükünə alternativ, indi mövcud olan ixracatçıları cəlb etməyə imkan verəcək. Bu isə Ukrayna üçün idxal edilən qazın qiymətinin azalmasına təsir göstərəcək", - məlumatda qeyd olunur.

Hazırda Azərbaycan, Gürcüstan və Rumıniya Azərbaycanın sıxılmış qazının Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniya və Mərkəzi Avropanın digər ölkələrinə nəqlini nəzərdə tutan "Azerbaijan-Georgia-Romanian Interconnector" (AGRI) layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirirlər.

Əvvəllər Azərbaycan sənaye və energetika naziri Natiq Əliyevin dediyi kimi, Ukrayna AGRI layihəsinə qoşula bilər.

"Ukrayna bu layihədə də maraqlıdır və bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfəri zamanı bu məsələ ilə bağlı danışıqlar aparılıb. Ukrayna Azərbaycanın maye qazını almağa hazırdır. Məsələn, Odessada qazsızlaşdırma üzrə terminalın tikintisi planlaşdırılıb. Və bunun gələcəkdə təkcə Azərbaycan üçün deyil, eləcə də bütün region üçün müsbət effekti olacaq. Belə ki, güman edirəm ki, Bosforla maye qazın tədarükü üzrə başqa mənbələr də tapılacaq. Mənə elə gəlir ki, Ukrayna bu layihəyə [AGRI] qoşulacaq", - Əliyev deyib.

Sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan AGRI layihəsi üzrə Bakı Bəyannaməsini imzalayıblar.

Xəbər lenti

Xəbər lenti