Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir E.İsmayılov/
Hazırda Naxçıvan Muxtar Respublikasının tələbatını ödəmək üçün ARDNŞ "svop" əməliyyatları çərçivəsində İrana sutkada 1,1 - 1,2 milyon kubmetr qaz tədarük edir. Bu barədə neft-qaz bazarındakı mənbə deyib.
"Naxçıvanın qazla təmin olunması məqsədilə hazırda İrana 1,1 - 1,2 milyon kubmetr qaz nəql edilir", - mənbə qeyd edib.
Onun sözlərinə görə, bu gün NMR öz ehtiyacını ödəmək üçün 900 min kubmetr qaz əldə edir.
Azərbaycan və İranı ümumi uzunluğu 1474,5 kilometr (296,5 kilometri Azərbaycan ərazisində) olan Qazı Məmməd-Astara-Bind-Biand qaz kəməri əlaqələndirir. Marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Bu istiqamətdə üç - Qazı Məmməd, Ağdaş və Qazax kompressor stansiyaları tikilib. Boru kəmərinin diametri 1200 millimetridir.
Hazırda İrana qaz tədarükünün artırılması üçün ARDNŞ Astaradakı qaz-kompressor stansiyasının qurğularının genişləndirilməsi üzrə işlər aparır. Azərbaycandan İrana gedən qaz kəmərinin də yenidən qurulması nəzərdə tutulur. Bu işlər başa çatandan sonra uzunmüddətli tədarük üçün müqavilələrin bağlanması və həcmin sutkada indiki 1,2 milyon kubmetrdən 3 - 3,5 milyon kubmetrədək artırılması nəzərdə tutulub.