...

Qazaxıstanın "Nabukko" üçün qazı yoxdur – səfir

Energetika Materials 15 Dekabr 2010 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr /Trend, müxbir E.İsmayılov/

Hazırda Qazaxıstan ixrac üçün sərbəst qaz həcmlərinə malik deyil. Bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov çərşənbə günü Trend BİA-nın beynəlxalq konfrans zalında keçirilən mətbuat konfransında Avropaya qaz nəqlinin şaxələndirilməsini nəzərdə tutan "Nabukko" qaz kəmərinin tikintisi layihəsində respublikanın iştirak imkanı barədə sualı cavablandırarkən deyib.

"Biz əsasən neft tədarük edən ölkəyik. Hazırda bizdə sərbəst qaz yoxdur. Malik olduğumuz qazı neft hasilatı gedişində təzyiqin artırılması üçün təkrar laya vururuq", - Primbetov bildirib.

Onun sözlərinə görə, respublikanın ölkənin cənub regionlarının qazla təmin edilməsində problemləri var ki, orada da yanacağa tələbat Özbəkistan qazı hesabına təmin olunur. Eləcə də, səfirin sözlərinə görə, hazırda bu problemin həll olunması üçün qaz kəmərinin çəkilişi ilə bağlı işlər görülür.

BP şirkətinin 2009-cu ilin yekunları üzrə hesabatında deyilir ki, Qazaxıstanın sübut edilmiş qaz ehtiyatları 1,82 trilyon kubmetr təşkil edir. Ötən il respublikada 32,2 milyard kubmetr qaz hasil edilib. Respublikada bu həcmin 19,6 milyard kubmetri istifadə olunub.

2010-cu ildə Qazaxıstan 9 milyard kubmetr qaz ixrac edib ki, bu da ötənilki göstəricidən təxminən üç dəfə çoxdur.

Primbetov deyib ki, "Nabukko" üçün əsas qaz tədarükçülərindən biri iri qaz ehtiyatlarına, eləcə də "Cənubi Eloten" yatağına malik olan Türkmənistandır.

Dəyəri 7,9 milyard avro təşkil edən "Nabukko" boru kəmərinin inşasına 2012-ci ildə başlanması nəzərdə tutulub, onunla ilk nəql isə 2015-ci ilə planlaşdırılıb. "Nabukko" boru kəmərinin texniki nəqletmə gücü ildə 31 milyard kubmetr təşkil edəcək.

Layihə iştirakçıları Avstriyanın OMV, Macarıstanın MOL, Bolqarıstanın "Bulgargaz", Rumıniyanın "Transgaz", Türkiyənin "Botaş" və Almaniyanın RWE şirkətləridir. Onların hər biri bərabər - 16,67 faiz paya malikdir.

Xəbər lenti

Xəbər lenti