...

BP Xəzərdə yeni quyunu qazmağa başlayıb

Energetika Materials 4 Aprel 2011 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir E.İsmayılov/

BP şirkəti Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının genişmiqyaslı işlənməsi üzrə qabaqlayıcı qazma işləri çərçivəsində quyunun (SDX-07) qazılmasına başlayıb. Bu barədə bazar ertəsi Trend-ə neft-qaz bazarındakı mənbə deyib.

Mənbənin sözlərinə görə, SDX-06 qiymətləndirmə quyusunun qazılması və konservləşdirilməsi üzrə işlər başa çatıb.

"SDX-07 quyusunun qazılması artıq başlayıb, hazırda onun dərinliyi 300 metrdir", - mənbə bildirib.

Onun sözlərinə görə, yeni quyunun qazılmasını bu ilin sonunadək başa çatdırılması planlaşdırılır.

"Şahdəniz" layihəsi çərçivəsində ildə əlavə 16 milyard kubmetr qaz hasilatı üçün iki dəniz platforması quraşdırılacaq və 30 yeraltı quyu qazılacaq.

Yataqda ən yüksək hasilat 8,6 - 9 milyard kubmetr səviyyəsində proqnozlaşdırılır. Proqnozlara əsasən, yatağın işlənməsinin ikinci mərhələsində qaz hasilatının həcmini ildə 25 milyard kubmetrə qədər artırmaq olacaq.

"Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində qiymətləndirilir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, Statoil - 25,5%, NICO - 10%, Total - 10%, LukAgip - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Xəbər lenti

Xəbər lenti