...

Dövlət Neft Şirkəti ARDNŞ-nin xaricdəki müəssisələrindən Azərbaycana benzin gətirilməsi barədə məlumatlara aydınlıq gətirdi

Energetika Materials 9 Aprel 2014 16:00 (UTC +04:00)
Dövlət Neft Şirkəti bəzi KİV-lərdə ARDNŞ-nin xaricdəki müəssisələrindən Azərbaycana benzin gətirilməsi haqqında yayılan məlumatların yalan, böhtan olduğunu və xalqı aldatmaq məqsədi daşıdığını bəyan edib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.
Dövlət Neft Şirkəti ARDNŞ-nin xaricdəki müəssisələrindən Azərbaycana benzin gətirilməsi barədə məlumatlara aydınlıq gətirdi

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Dövlət Neft Şirkəti bəzi KİV-lərdə ARDNŞ-nin xaricdəki müəssisələrindən Azərbaycana benzin gətirilməsi haqqında yayılan məlumatların yalan, böhtan olduğunu və xalqı aldatmaq məqsədi daşıdığını bəyan edib. Bu barədə Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir.

Şirkətin yaydığı məlumatda deyilir ki, Aİ-95 və Aİ-98 markalı avtomobil benzinlərinin Azərbaycanda satış qiymətlərinin sərbəst buraxılmasından sonra bəzi yazılı və elektron kütləvi informasiya vasitələrində və müxalifət funksionerlərinin sosial şəbəkələrdəki səhifələrində bilməyərəkdən və ya bilə-bilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin işgüzar nüfuzuna xələl gətirəcək yanlış məlumatlar yayılmaqdadır.

ARDNŞ rəsmi surətdə bəyan edir ki, Aİ-98 markalı avtomobil benzini Azərbaycan Respublikasında istehsal olunmadığı üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən tənzimlənməyib. Aİ-95 markalı avtomobil benzininin 2014-cü il aprel ayının 1-dən idxal olunması və qiymətinin sərbəst buraxılması haqqında qərar verilməsinə gəlincə, buna səbəb Azərbaycanda yüksək oktan ədədli yanacaq istehlakının qısa müddət ərzində bir neçə dəfə artması, mövcud istehsal güclərinin isə həmin tələbata adekvat olmamasıdır. Dövlət Neft Şirkətinin avtomobil benzinləri istehsalı ilə məşğul olan H.Əliyev adına Bakı Neft Emalı zavodunda Aİ-95 markalı benzinin istehsalının dayandırılması da bununla əlaqədardır. Həmin zavodun benzin istehsal edən əsas qurğuları hazırda əsaslı təmirə dayandırılıb. Təmirdən sonra zavodda Aİ-95 benzini istehsal edilməyəcək.

ARDNŞ qətiyyətlə bəyan edir ki, dünyanın heç bir ölkəsində avtomobil benzini istehsal edən heç bir emal müəssisəsinə və yaxud heç bir belə müəssisənin səhmlərinə malik deyil. Odur ki, Azərbaycana guya ARDNŞ-nin xaricdəki müəssisələrindən benzin gətirilməsi haqqında yayılan məlumatlar yalandır, böhtandır və xalqı aldatmaq məqsədi daşıyır.

Aİ-95 Premium və Aİ-98 markalı avtomobil benzinlərinin sərbəst bazar qiymətləri ilə idxal olunması haqqında qərar bu fəaliyyət növü ilə məşğul olan treyderlərə imkan verəcək ki, ölkəyə azad bazar şərtlərinə uyğun şəkildə yüksək keyfiyyətli məhsullar idxal etsinlər və bu sahədə tələbatı sağlam rəqabət şəraitində ödəyə bilsinlər. Təsadüfi deyil ki, həmin qərar verildikdən sonra Aİ-98 markalı benzinin qiyməti aşağı düşüb.

ARDNŞ bildirir ki, hazırda dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin inşa olunması məqsədi ilə bütün qüvvələrini səfərbər edib. Həmin Kompleksin tikilib istismara buraxılması ilə Azərbaycanda Avro-5 standartlarına uyğun yüksək oktan ədədli və keyfiyyətli yanacaq məhsullarına olan tələbat tam şəkildə ödənilə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti