Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.İsmayılov/
Azərbaycan iri qaz nəqli layihələrinin reallaşdırılması zamanı həmin layihələr vasitəsilə özünün digər yataqlarından və üçüncü ölkələrdən əlavə həcmlərin tədarük imkanlarını nəzərə alır. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə energetika naziri Natiq Əliyev Türkmənistan qazının Avropaya tədarük imkanlarına dair məsələni şərh edərkən deyib.
Nazir nümunə kimi Cənubi Qafqaz qaz kəmərini, Trans-Anadolu (TANAP) qaz kəmərini və digərlərinin adını çəkib.
Onun sözlərinə görə, Türkmənistan Avropaya ixrac niyyəti olarsa, Azərbaycan bunun üçün bütün zəruri infrastrukturu təqdim etməyə hazırdır: "Türkmənistan qazının Avropaya tədarükü məsələsi ilə bağlı dəfələrlə danışıqlar aparılıb, lakin indiyədək konkret nəticələr əldə olunmayıb".
N.Əliyev qeyd edib ki, hazırda Türkmənistan tərəfi Şərqə istiqamətlənmiş bir neçə qaz nəqli layihələrini həyata keçirir: "Qaz tədarükü məsələsində isə Türkmənistan bəyan edir ki, Qərbə qaz tədarük etməkdə maraqlıdır, bununla belə, qazı sərhədə qədər verməyə hazırdır. Xəzər dənizi vasitəsilə qaz tədarükü məsələsi isə açıq olaraq qalır".
TANAP layihəsinə toxunan nazir deyib ki, layihə çərçivəsində bütün məsələlər həm Azərbaycan, həm də Türkiyə tərəfindən vaxtında və operativ həll olunur.
Onun sözlərinə görə, Azərbaycan belə böyük layihəni birinci dəfədir həyata keçirəcək: "Mən ona görə belə deyirəm ki, burada operator qismində Azərbaycan tərəfi çıxış edir. Azərbaycan maliyyələşdirmənin böyük hissəsini öz üzərinə götürür və iştirak payının böyük hissəsinə sahibdir".
N.Əliyev qeyd edib ki, layihə çərçivəsində bütün işlər aktiv templə və Azərbaycan-Türkiyə ikitərəfli sıx əməkdaşlığı çərçivəsində həyata keçirilir: "Əminəm ki, layihə nəzərdə tutulmuş vaxtda reallaşdırılacaq".