Azərbaycan, Bakı, 5 iyun /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) 2018-ci ildə Heydər Əliyev adına Bakı neft emalı zavodunda (NEZ) Avro-5 ekoloji standartlarına uyğun benzin istehsalına başlamağı planlaşdırır.
Trend-in məlumatına görə, bunu ARDNŞ-nin emal üzrə vitse-prezidenti David Məmmədov cümə axşamı Bakıda XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz - 2014 (Caspian Oil&Gas) konfransında deyib.
Onun sözlərinə görə, bu hədəfə çatmaq üçün 42-48 ay ərzində müəssisənin modernləşdirilməsi üzrə işlər görüləcək. Şirkətin məqsədi həmin NEZ-də 2030-cu ilədək 7,5 milyon ton neft emalını təmin etməkdir ki, bu da öz növbəsində illik 3 milyon ton dizel yanacağı və 2,4 milyon ton benzin istehsalına imkan verəcək. Bu, həmçinin ölkənin keyfiyyətli yanacağa olan tələbatını və kiçik həcmdə ixrac əməliyyatlarını təmin etməyə imkan verəcək.
Hazırda NEZ-in emal dərinliyi 92 faizi ötür. Bu müəssisə ölkənin yanacağa olan tələbatını təmin edir.