Azərbaycan, Bakı, 9 avqust /Trend, müxbir İlahə Məmmədli/
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 106,06 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü Trend-ə verilən məlumata görə, cümə günü neftin qiymətləri cümə axşamına nisbətən 0,1 dollar/barel azalıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.
ARDNŞ-dən bildiriblər ki, Türkiyənin Ceyhan limanı şərtləri ilə FOB bazisində Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 105,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,12 dollar/barel çoxdur.
Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 8-də 103,38 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,18 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti avqustun 8-də 103,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,14 dollar/barel azdır.