Azərbaycan, Bakı, 1 oktyabr /Trend/
Qazaxıstan Dövlət Neft-Qaz Şirkəti "KazMunayQaz" xaricdən Qazaxıstana yanacaq-sürtkü materiallarının (YSM) tədarükü barədə razılığa gəlib. Trend-in məlumatına görə, bu barədə "Kioge 2014" konfransında ölkənin energetika nazirinin müavini Maqzum Mirzaqaliyev bəyan edib.
O, qeyd edib: "Biz son vaxtlar ölkədə YSM çatışmazlığı ilə üzləşirik. Bu problemi həll etmək üçün hazırda "KazMunayQaz" Rusiya və Azərbaycandan böyük həcmdə YSM alınması ilə bağlı müqavilələr bağlayıb".
Nazir müavininin sözlərinə görə, "KazMunayQaz" Rusiyadan təxminən 180 min ton, Azərbaycandan isə 10 min ton YSM alacaq: "Biz YSM qıtlığı ilə bağlı vəziyyətin düzələcəyini gözləyirik və hazırda vəziyyət yaxşılaşmağa başlayıb".
O, qeyd edib ki, 2016-cı ildə NEZ-də modernləşdirmə başa çatdıqdan sonra daxili bazar yanacaq-sürtkü materialları ilə tam təmin olunacaq və 2022-2023-cü illərədək Qazaxıstanda YSM qıtlığı müşahidə olunmayacaq.