Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir Təmkin Cəfərov/
"Azərbaycan investorlarının və Dövlət Neft Şirkətinin (ARDNŞ) İranın neft, qaz yataqlarının və neft-kimya sənayesinin inkişafına sərmayə yatırmasında maraqlıyıq, eləcə də iranlı investorlar Azərbaycanda bu sahələrə sərmayə yatırmaqda maraqlıdır". Bunu bu gün Trend-ə eksklüziv açıqlamasında İran İslam Respublikasının neft naziri Bijən Namdar Zəngənə deyib.
B.N.Zəngənə bildirib ki, Azərbaycan və İran neft-qaz sahəsində uzun illərdir əməkdaşlıq edir: "İran Neft Şirkətinin tabeliyində olan şirkətlərdən biri "Şahdəniz" layihəsində paya malikdir və payı az olsa da investisiya yatırır".
Nazir qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün şərait var: "Xəzərdə müştərək neft yataqlarının inkişafı, qaz ixracatı və iki ölkənin qazının Avropaya nəqlinin təşkili məqsədi ilə boru kəmərinin tikintisi, yeraltı anbarlarda qazın saxlanılması, neft məhsullarının mübadiləsi, satışı və qarşılıqlı sərmayələrin yatırılması kimi sahələrdə birgə əməkdaşlıq edə bilərik".
İranın neft naziri deyib ki, Bakıda səfəri zamanı Azərbaycanda yeraltı anbarlarda qazın saxlanılması məsələsi müzakirə olunub: "Gələn həftə İrandan Bakıya nümayəndə heyəti səfər edəcək. Səfərdə məqsəd Azərbaycan Dövlət Neft Şirkəti ilə bu məsələnin detallarını müzakirə etməkdir. Əgər razılıq əldə olunsa, iki ölkə arasına bu sahədə əməkdaşlıq üçün geniş imkanlar yaranacaq".
Qeyd edək ki, ARDNŞ-nin balansında iki yeraltı qaz anbarı var - "Qaradağ" və "Qalmaz".
Azərbaycanın yeraltı qaz anbarlarının (YQA) yenidən qurulmasına dövlət büdcəsindən 150 milyon dollar vəsait ayrılıb. Bu istiqamətdə işlər davam edir. İşlər başa çatandan sonra anbarların gücü mərhələlərlə 5 milyard kubmetrə çatdırılacaq.
İranın (xüsusən şimal hissəsinin) qışda qaza tələbatı xeyli artır. Buna görə də Tehran gələcəkdə Azərbaycanın müasir qaz infrastrukturundan istifadə etmək niyyətindədir.