...

Bakı-Supsa boru kəməri ilə tədarük istənilən vaxt yenidən başladıla bilər – bp

Energetika Materials 26 Yanvar 2023 16:58 (UTC +04:00)
Bakı-Supsa boru kəməri ilə tədarük istənilən vaxt yenidən başladıla bilər – bp
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Supsa boru kəməri istənilən vaxt neft nəqlini yenidən başlada bilər.

Trend xəbər verir ki, bu barədə bp şirkətinin Yaxın Şərq və Xəzər Regionunda Kommunikasiyalar və Xarici Əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli jurnalistlərə deyib.

"Biz hazırda boru kəmərindən istifadə etmirik və bütün ixrac Bakı-Tbilisi-Ceyhan vasitəsilə həyata keçirilir. Bakı-Supsa boru kəmərinin açılması yükgöndərənlərin Supsada tanker yüklənməsi üçün müraciətlərindən asılıdır. Əgər bizə müraciətlər daxil olsa, biz dərhal tədarükə başlaya bilərik, çünki Bakı-Supsa şəbəkəyə qoşulub. Boru kəmərləri soyuq oyulmaya məruz qaldıqda işin bərpası təqribən 3 ay çəkə bilər", - o deyib.

Xatırladaq ki, boru kəməri ilə neft nəqli 2022-ci ilin mart ayında dayandırılmış və 1-17 aprel tarixlərində görülmüş təmir-sazlama işlərindən sonra yenidən davam etdirilmişdi. Daha sonra Bakı-Supsa boru kəməri ilə neft nəqli yenə dayandırıldı. Bakı-Supsa boru kəməri ilə neft nəqli dayandırıldığından bütün Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac olunur.

2021-ci ilin yekunlarına əsasən, Bakı-Supsa boru kəməri ilə 4,2 milyon ton neft nəql olunub. İxrac olunan bütün neft "Azəri-Çıraq-Günəşli" (AÇQ) yataqları blokunun payına düşüb.

Bakı-Supsa (Western Route Export Pipeline) kəməri ilə Xəzər regionundan neft Bakı yaxınlığındakı Sanqaçal terminalından Qara dəniz sahilində yerləşən Supsa gürcü limanına qədər nəql olunurdu. Neft kəmərinin rəsmi açılışı 1999-cu il aprelin 17-də Supsa neft terminalında baş tutub.

Boru kəmərinin uzunluğu 837 kilometr təşkil edir. Ötürücülük qabiliyyəri ildə yeddi milyon tondan artıqdır (günlük 145 min barel). Boru kəmərinin operatoru bp şirkətidir. Neft nəqlinin yekun məntəqəsi Qara dənizin Gürcüstandakı Supsa limanıdır. Neft daha sonra tankerlərlə Avropadakı istehlakçılara göndərilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti