Bakı. Trend:
Türkiyənin ən böyük birbaşa xarici sərmayədarı və ən böyük inteqrasiya sənaye qrupu olan "SOCAR Türkiyə"nin qrup şirkətlərindən biri olan STAR Neft Emalı Zavodunun təxminən iki aya yaxın davam edən planlaşdırılmış təmir işləri uğurla başa çatıb.
Bu barədə Trend SOCAR-ın Türkiyədəki törəmə “SOCAR Turkiye Enerji” şirkətinə istinadən xəbər verib.
Məlumata görə, STAR Neft Emalı Zavodunda ilk dəfə istehsalatda planlı fasilə verilib və müəssisədəki bütün avadanlıqlarda texniki xidmət və təkmilləşdirmə işləri həyata keçirilib.
Qeyd olunub ki, SOCAR Türkiyənin digər qrup şirkəti olan "Petkim" ilə inteqrasiyada fasiləsiz istehsal həyata keçirən STAR Neft Emalı Zavodunun (NEZ) istehsal gücünü artırmaq üçün nəzərdə tutulan texniki xidmət işləri uğurla başa çatıb.
Bildirilib ki, bu dayanma sayəsində STAR Neft Emalı Zavodunun əməliyyat səmərəliliyi artacaq və planlı dayanmalara ehtiyac olmadan növbəti 5 il ərzində fasiləsiz istehsal imkanı verəcək.
Planlaşdırılan dayandırma ilə inteqrasiya olaraq həyata keçirilən gücün artırılması layihəsinin başa çatdırılması ilə NEZ-in istehsal gücü 2,5% artırılıb.