Bakı. Trend:
Ötən ilin yanvar-noyabr aylarında Azərbaycandan Xorvatiyaya 873,4 milyon ABŞ dolları dəyərində 1,4 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 338,4 milyon ABŞ dolları və ya 63,2%, həcm ifadəsində isə 544,5 min ton və ya 61,1% çoxdur.
Bununla da, dövr ərzində Xorvatiya Azərbaycanın ən çox neft ixrac etdiyi ölkələr sırasında 3-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, sözügedən dövr ərzində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları Azərbaycandan ən çox İtaliyaya ixrac edilib. Belə ki, ötən ilin yanvar-noyabr aylarında İtaliyaya Azərbaycandan 6,1 milyard ABŞ dolları dəyərində 9,9 milyon ton neft idxal edilib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 517,5 milyon ABŞ dolları və ya 7,8%, həcm baxımından isə 581,4 min ton və ya 5,6% azdır.