Bakı. Trend:
Ordubadda tikilən yeni Su Elektrik Stansiyası Naxçıvanın enerji təminatında mühüm rol oynayacaq.
Bu sözləri Trend-ə açıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.
Onun sözlərinə görə, Ordubad rayonu ərazisində, Araz çayı üzərində inşa edilən Ordubad Su Elektrik Stansiyası (SES) Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rola malik olacaq.
Qurum sözçüsü bildirib ki, hesablamalara görə, gücü 36 meqavatt olan bu stansiyanın ildə 190 milyon kilovatt-saat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur:
"Bu göstərici Naxçıvan Muxtar Respublikasının əvvəlki illərdəki enerji tələbatının təxminən 30 faizini ödəməyə imkan verəcək.
Hazırda Su Elektrik Stansiyasında tikinti işlərinin 60 faizi tamamlanıb. Layihənin davamı üçün İran tərəfindən əlavə işlərin aparılmasına imkanlar yaradılmalıdır".
"Qeyd edək ki, SES-in su anbarının ümumi tutumu 1,5 milyon kubmetr təşkil edir. Stansiyaya daxil olan suyun miqdarı əsasən “Araz” su qovşağının məcrasına gələn axından, həmçinin, Azərbaycan və İran arasında birgə istismar olunan “Araz” SES-lərinin illik və gündəlik iş rejimindən asılı olacaq", - deyə Dövlət Xidmətinin rəsmisi vurğulayıb.