Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İtaliyaya 2,4 milyard ABŞ dolları dəyərində 4,6 milyard kubmetr təbii qaz (qaz halında) ixrac edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 415,8 milyon ABŞ dolları və ya 21,3% çox, həcm baxımından isə 286,5 milyon kubmetr və ya 5,8% azdır.
Belə ki, 2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan İtaliyaya 1,9 milyard ABŞ dolları dəyərində təqribən 4,9 milyard kubmetr təbii qaz satmışdı.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə 25,2 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 6,6 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 13,8 milyard kubmetri “Şahdəniz”in, 0,8 milyard kubmetri “Abşeron” yatağının, 4 milyard kubmetrə yaxını isə SOCAR-ın payına düşüb.