Bakı.Trend:
Azərbaycan xarici bazarlara nar ixracatı 37,7% artıb
Trend xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında nar xüsusi yer tutur. Xarici bazarlara nar ixracında artım dinamikası davam edir. Bu ilin yanvar-iyul aylarında ölkəmizdən 4,298.7 min dollar dəyərində 5,027.3 ton nar ixrac edilib. Qeyd olunan dövrdə nar ixracatı həcm olaraq 37,7%, dəyər olaraq 31,7% artıb.
Qeyd edilib ki, ölkəmizdə intensiv nar bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılır:
"İntensiv nar bağları dedikdə Qarabağ, Şərqi Zəngəzur, Mərkəzi Aran, Mil-Muğan, Şirvan-Salyan, Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında vahid ərazidə salınan və sahəsi azı 3 hektar olan və 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar nəzərdə tutulur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınmış intensiv nar bağlarının hər hektarına görə dövlət tərəfindən 3000 manat subsidiya verilir".