Bakı. Trend:
Qida Təhlükəsizliyi Agentliyi bir daha ictimai iaşə sahəsində çalışan sahibkarları qida təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.
Trend xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
Bildirilib ki, ilk növbədə dönər üçün istifadə olunan ət mütləq baytarlıq-sanitariya ekspertizasından keçirilməlidir.
Dondurulmuş çiy dönərin donunun açıldığı andan bişirilməyə
başlanmasına qədər olan müddət ərzində məhsulun saxlanması və
daşınması +1°C ilə +4°C temperatur intervalında həyata keçirilməli
və bu müddət ümumilikdə 8 saatdan artıq olmamalıdır. Qida
məhsullarının hazırlanması, saxlanması və təqdimatı zamanı
sanitar-gigiyenik normalara riayət edilməli, xüsusilə temperatur
rejiminin qorunması təmin olunmalıdır. Qida bloku təmiz saxlanmalı,
avadanlıqlar mütəmadi olaraq yuyulmalı və dezinfeksiya edilməlidir.
Çarpaz çirklənmənin qarşısı alınmalıdır. Bunun üçün çiy və bişmiş
məhsulların hazırlanma sahələri ayrılmalı, istifadə olunan alətlər
və iş səthləri fərqləndirilməlidir. İşçi heyətin mütəmadi tibbi
müayinələrdən keçməsi və şəxsi gigiyena qaydalarına əməl etməsi
təmin edilməlidir. Satış zamanı bişmiş dönərin temperaturu 65°С-dən
aşağı olmamalıdır. Dönərlə birlikdə təqdim olunan sousların,
mayonezin və tərəvəzlərin saxlanma rejiminə ciddi nəzarət
edilməlidir. Çiy dönər bişirilməyə başlandığı andan etibarən 12
saat ərzində istifadə edilməlidir.
AQTA istehlakçılara da müraciət edərək dönər alarkən satış
şəraitinə, məhsulun hazırlanma qaydasına və ümumi sanitar vəziyyətə
diqqət etməyi tövsiyə edir. Dönər hazırlayan şəxslər mütləq şəkildə
birdəfəlik əlcək, qoruyucu geyim və baş örtüyündən istifadə etməli,
həmçinin çarpaz çirklənmənin qarşısının alınması üçün həmin əlcəklə
pul, ödəniş kartı, kassa aparatı, post terminalı və digər bu kimi
əşyalara toxunmasına yol verilməməlidir. Dönər məhsulu hazırlandığı
andan etibarən 1 saat ərzində istehlak edilməlidir.
İstehlakçılar ictimai iaşə obyektlərində bu məqamlara xüsusi diqqət
yetirməli, hər hansı uyğunsuzluq və ya gigiyenik norma pozuntusu
aşkar etdikdə, bu barədə Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat
verməlidirlər. Eyni zamanda, Agentlik tərəfindən hazırlanmış
məlumatlandırıcı posterlər bütün dönər istehsalı və satışı ilə
məşğul olan ictimai iaşə müəssisələrində istehlakçıların asan
görəcəyi yerlərdə yerləşdirilməlidir. Qaydalara əməl olunmaması
istehlakçı sağlamlığı üçün ciddi risklər yarada bilər.