Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycandan İrana təqribən 14,9 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda elektrik enerjisinin ixracından əldə olunan gəlir 423 min ABŞ dolları olub.
İrana elektrik enerjisi ixracı ötən ilin eyni dövrü ilə müqayisədə həcm ifadəsi ilə 2,6 milyon kVt/saat və ya 15,1%, dəyər ifadəsi ilə 75 min ABŞ dolları, yaxud 15,1% azalıb.
Eyni zamanda, 2025-ci ilin ilk 6 ayı ərzində İrandan Azərbaycana 472 min ABŞ dolları dəyərində, 16,6 milyon kVt/saat həcmində elektrik enerjisi satılıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 min ABŞ dolları və ya 0,6%, həcm ifadəsində isə 112 min kVt/saat və ya 0,7% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumilikdə dörd ölkəyə - Rusiya, Gürcüstan, İran və Türkiyəyə 38,5 milyon ABŞ dolları dəyərində, 679,8 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edilib.
Həmçinin hesabat dövründə Rusiya, Gürcüstan və İrandan Azərbaycana 3,2 milyon ABŞ dolları dəyərində 79 milyon kVt/saat elektrik enerjisi idxal edilib.