Bakı. Trend:
Uşaqlıq travmaları insanın həyat təcrübəsinin bir hissəsidir və şəxsiyyətin formalaşmasında mühüm rol oynayır. Travmaları yalnız mənfi emosiyalarla əlaqələndirmək düzgün yanaşma deyil.
Trend xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov bildirib.
Onun sözlərinə görə, travmaların insana təsiri yaş dövrlərinə görə fərqlənə bilər:
“İnsan arxaya boylananda gördükləri onun keçmiş təcrübələridir. Uşaqlıqda alınan fiziki və ya psixoloji travmalar gələcəkdə insanın davranışına və düşüncə tərzinə təsir edir. Əslində travmanın özündən çox ona münasibət daha böyük rol oynayır. Eyni hadisə hər insanda fərqli nəticə yaradır: bəzilərinin dayanıqlılığını zəiflədib, digərlərində isə gücləndirir. Şəxsiyyət həm müsbət, həm də mənfi təcrübələrin sintezindən yaranır”.
R.Nəcəfov qeyd edib ki, insanın yetkinlik dövründə nitqi, davranışı və emosional reaksiyaları çox vaxt uşaqlıq təcrübələrinin təsiri ilə formalaşır:
“Uşaqlıq illərində yaranan emosional izlər insanın gələcəkdə özünüifadəsinə, münasibətlərinə və stresslə mübarizə bacarıqlarına birbaşa təsir edir. Bəzən bu travmalar gizli qalaraq illər sonra iş həyatında, ictimai münasibətlərdə və şəxsi əlaqələrdə çətinliklərə səbəb olur. Əgər bu izlər gündəlik həyat keyfiyyətinə mənfi təsir göstərirsə, psixoterapiya vasitəsilə həmin emosional yükü yüngülləşdirmək mümkündür. Psixoloji immunitet hadisəni inkar etmədən, onu olduğu kimi qəbul edib, onunla yaşamağı öyrənməklə formalaşır. Terapiya insana travmanı inkar etmədən qəbul etməyi, daha sağlam şəkildə yaddaşda yerləşdirməyi və həyatına davam etməyi öyrədir. Bu proses psixoloji dayanıqlılığı gücləndirir və gələcəkdə oxşar vəziyyətlərə daha sağlam yanaşmağa imkan yaradır”.