Bakı. Trend:
Şahdəniz konsorsiumu bu ilin əvvəlində təsdiqlənmiş Şahdəniz Kompressiya (ŞDK) layihəsinin cədvəl üzrə irəliləyişini təmin etmək məqsədilə daha bir mühüm tikinti müqaviləsinin imzalandığını məmnuniyyətlə elan edir.
Trend bu barədə bp-yə istinadən xəbər verir.
156 milyon ABŞ dolları dəyərində olan bu müqavilə ŞDK platforması üçün dayaq blokunun və payaların tikintisini əhatə edir. Müqavilə “BOS Shelf LLC” və “BOS Shelf International FZCO” şirkətlərinə (birlikdə “BOS Shelf” adlanır) verilib.
Müqavilənin iş həcminə quraşdırma sexləri və montaj üzrə mühəndislik işləri, boru-prokat işləri, 9900 tonluq dayaq blokunun və 5800 tonluq boru payaların və yan payaların hazırlanması və yığılması, quraşdırma sistemlərinin istismar sınaqları, eləcə də hazır dayaq blokunun dənizə yola salınmaq üçün barjaya yüklənməsi və bərkidilməsi işləri daxildir.
Bütün istehsal-quraşdırma işləri “BOS Shelf”-ə məxsus Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun (BDÖZ) tikinti-quraşdırma sahəsində həyata keçiriləcək və bu işlərdə yerli infrastruktur və resurslardan tam istifadə olunacaq. Müqavilənin icrasına cəlb olunacaq işçi qüvvəsinin təxminən 97%-nin Azərbaycan vətəndaşlarından ibarət olacağı, ümumi iş icrasının isə təqribən 2 milyon iş saatı təşkil edəcəyi gözlənilir. Müqavilə çərçivəsində işlərin 2025-ci ilin dördüncü rübündə başlanması və 2028-ci ilin birinci rübündə tamamlanması planlaşdırılır.
bp-nin layihə üzrə baş meneceri İlqar Məmmədov:
“Bu, ŞDK layihəsi və operator olaraq bp şirkəti üçün növbəti mühüm mərhələdir. Bu, komandalarımızın peşəkarlığını və əzmini, uzunmüddətli yerli tərəfdaşlıqlarımızın gücünü və layihəni təhlükəsizlik, keyfiyyət və səmərəlilik baxımından ən yüksək standartlara uyğun şəkildə həyata keçirmək öhdəliyimizi əks etdirir.
“BOS Shelf” şirkətinin bundan əvvəl də BDÖZ tikinti-quraşdırma sahəsində Azəri-Çıraq-Günəşli və Şahdəniz 2 platformaları üçün 11 dayaq blokunu uğurla və vaxtında hazırlayıb təhvil verməsi bizdə tam əminlik yaradır ki, ŞDK platformasının dayaq bloku da qrafikə uyğun və büdcə daxilində tikilib təhvil veriləcək. BDÖZ tikinti-quraşdırma sahəsinin iri həcmli modernləşdirmə tələb etmədən dayaq blokunu inteqrasiya etmək və barjaya yükləmək gücündə olması layihənin bu mühüm mərhələsinin vaxtında təhvil verilməsi üçün əsas amillərdən biridir.”
