...

Yeni texnologiyalar sayəsində neft və qazın ötürülmə həcmini 10–15% artırmağa nail ola bilmişik – SOCAR MGO

Energetika Materials 9 Dekabr 2025 13:20 (UTC +04:00)
Yeni texnologiyalar sayəsində neft və qazın ötürülmə həcmini 10–15% artırmağa nail ola bilmişik – SOCAR MGO
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Müvafiq texnologiyalardan istifadə etməklə ötürülən neft və qazın həcminin 10-15% artırılmasına nail ola bilmişik.

Bunu “SOCAR Midstream Gas Operations”un (SOCAR MGO) icraçı direktoru Polad Rüstəmov bu gün Bakıda keçirilən “Asset Integrity & Corrosion and Coatings Conference” tədbiri çərçivəsində Trend-ə açıqlamasında deyib.

O bildirib ki, əsas məqsəd mövcud infrastrukturun ömrünü daha uzunmüddətli etmək üçün müvafiq texnologiyalardan istifadə etməkdir:

"Tədbirdə 50-yə yaxın yerli və beynəlxalq şirkət öz məhsullarını təqdim edir. Biz SOCAR olaraq bu tədbirin dəstəkçisiyik. Məqsədimiz ondan ibarətdir ki, həm SOCAR-ın özünün əməliyyatlar apardığı boru kəmərlərində, zavodlarda, kompressor stansiyalarında, həm də tərəfdaşlarımızın Azərbaycan ərazisində və xaricdə - TANAP, TAP kimi boru kəmərlərində - yeni texnologiyalardan istifadəni onlarla tanış edək. Burada bütün şirkətlərə imkan verilir ki, onlar müxtəlif korporasiyalarla tanış olsunlar və öz işlərini onlara təqdim etsinlər".

P. Rüstəmov vurğulayıb ki, məqsəd mövcud infrastrukturu daha uzunmüddətli istifadə etmək üçün müvafiq texnologiyalardan yararlanmaq və nəticədə ölkə iqtisadiyyatına fayda verməkdir:

"Çünki artıq biz infrastrukturu tikib maliyyə ayırmışıq. Yenisini tikmək yerinə mövcud olan infrastrukturu daha uzunmüddətli istifadə etmək daha səmərəli olar. Bu istiqamətdə görülən işlərə nümunə olaraq boruların daxildən və xaricdən yoxlanılmasını qeyd edə bilərəm. Belə ki, boru kəmərlərinin içərisində neft-qaz uzunmüddətli qaldıqda o, kəməri zədələyə, korroziyaya uğrada bilər. Biz korroziyanın qarşısını almaq üçün inspeksiya aparırıq. Bunu çox inkişaf etmiş avadanlıqlarla həyata keçiririk və dəqiqliklə bilirik ki, hansı boru kəmərinin hansı hissəsində korroziya baş verir".

İcra direktoru qeyd edib ki, eyni zamanda boru kəmərini kəsmədən, qaz, neft axını davam etdiyi halda üstdən müvafiq cihazlarla yoxlamalar apararaq korroziya hallarını aşkarlamaq mümkündür:

"Ümumilikdə, boru kəmərində hər hansı korroziyaya uğrama halı varsa, yeni texnoloji alətləri istifadə edərək onu qoruya bilirik.

Məsələn, əvvəl boru kəmərindən ötürülən qazın təzyiqi 15 atmosfer idisə, indi yeni texnologiyalardan istifadə edib 25 atmosferə çıxara bilirik. Bu o deməkdir ki, ötürülən neft və qazın həcmi artır. İxrac həcmlərinin artırılması ölkə iqtisadiyyatına çox müsbət töhvələrini verə bilər".

"Ümumilikdə, müvafiq texnologiyalardan istifadə etməklə ötürülən neft və qazın həcminin 10-15% artırılması mümkündür. Burada əlavə investisiyaya ehtiyac yoxdur. Sadəcə boru qatını qoruyaraq onun içərisindən keçən miqdarı, təzyiqi artırmaq mümkündür", - deyə P. Rüstəmov fikrini yekunlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti