...

bp "Qarabağ" yatağında 3D seysmik tədqiqatlara başlayıb

Energetika Materials 22 Dekabr 2025 15:51 (UTC +04:00)
bp "Qarabağ" yatağında 3D seysmik tədqiqatlara başlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

bp bu həftə Azərbaycan sektorunda, Xəzər dənizində yerləşən “Qarabağ” yatağında “High Density Ocean Bottom Node” (HDOBN) texnologiyasından istifadə etməklə 3D seysmik tədqiqatların aparılmasına başlayıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “bp Azerbaijan”dan bildiriblər.

“Bu, yatağın işlənməsi yolunda atılan ilk addımdır. Biz iki seysmik tədqiqat proqramının həyata keçirilməsini planlaşdırırıq — Ocean Bottom Node (OBN) metodu ilə seysmik kəşfiyyat və yüksək və ultra-yüksək detallı seysmik tədqiqatlar (HR/UHR). OBN seysmik kəşfiyyatı artıq başlayıb və 3,5 aya qədər davam edəcək. HR/UHR tədqiqatlarının aparılması isə 2026-cı ilin mart–aprel aylarına planlaşdırılıb və onların müddəti 45 günə qədər çəkəcək”, – deyə şirkətdə bildirilib.

bp Azerbaijan-da qeyd ediblər ki, OBN metodu ilə seysmik çəkiliş kollektorun xüsusiyyətlərinin daha dərindən anlaşılmasına imkan verəcək, quyu planlaşdırılmasını dəstəkləyəcək və yatağın işlənməsi strategiyalarının optimallaşdırılmasına töhfə verəcək. HR/UHR tədqiqatları isə quyuların bütövlüyünə təsir göstərə biləcək geoloji risklərin, eləcə də platformanın və digər infrastrukturun təhlükəsiz quraşdırılmasına mane ola biləcək yeraltı təhlükələrin müəyyənləşdirilməsinə yönəldiləcək.

“Oktyabr ayında seysmik tədqiqat proqramı üzrə ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihəsi ictimai müzakirəyə çıxarılıb və baxılması və təsdiqi üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim edilib. Nazirlik artıq ƏMTQ-ni təsdiqləyib və proqramın icrasına başlanması üçün zəruri icazələri verib”, – deyə şirkətdə bildirilib.

Qeyd edək ki, “Qarabağ” yatağının müqavilə sahəsi Bakının 120 kilometrliyində, 150–200 metr dərinlikdə, “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Əşrəfi–Dan Ulduzu–Aypara” (ƏDUA) müqavilə sahələrinə yaxın ərazidə yerləşir.

2018-ci ildə “Qarabağ” yatağının işlənməsi üzrə Risk Xidmət Sazişi (Risk Service Agreement, RSA) imzalanıb. 2025-ci ilin may ayında bp şirkəti bu saziş çərçivəsində 35 faiz pay əldə edərək layihənin operatoru olub. SOCAR-ın törəmə qurumu isə RSA-da 65 faiz iştirak payını qoruyub saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti