Bakı. Trend:
2025-ci ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 23,144 milyard kub-metr qaz nəql edilib.
Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 292 milyon kub-metr və ya 1,3% çoxdur.
Ümumilikdə hesabat dövründə magistral qaz kəmərləri ilə 40,236 milyard kub-metr qaz nəql edilib və əvvəlki ilə nisbətən 0,3 faiz azalma müşahidə olunub. Qazın nəqlinin 57,5 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.
Cənubi Qafqaz Boru Kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycana, Gürcüstana və Türkiyəyə çatdırılır. Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib və "Şahdəniz" yatağının I mərhələsi çərçivəsində hasil edilən qaz nəql edilməyə başlanıb. 2018-ci ilin yayından isə "Şahdəniz" yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri ilə Türkiyəyə - TANAP kəmərinə təhvil verilməsinə başlanılıb.
