Bakı. Trend:
2025-ci ildə bp və onun birgə fəaliyyət üzrə tərəfdaşları “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında əməliyyat xərclərinə təxminən 564 milyon ABŞ dolları, əsaslı xərclərə isə təxminən 1,288 milyard ABŞ dolları sərf ediblər.
Bu barədə Trend bp-yə istinadən xəbər verir.
2024-cü ildə AÇG üzrə əməliyyat və əsaslı xərclər müvafiq olaraq 535 milyon və 1,293 milyard ABŞ dolları təşkil edib. Beləliklə, əməliyyat xərcləri illik müqayisədə 5,4 faiz artıb, əsaslı xərclər isə 0,4 faiz azalıb.
İl ərzində AÇG-də 4D yüksək dəqiqlikli dəniz dibi seysmik- kəşfiyyat tədqiqat proqramı çərçivəsində 2024-cü ildə toplanmış məlumatların emalı uğurla başa çatdırılıb, həmçinin proqramın ikinci ili üzrə məlumatların toplanması tamamlanıb.
Bundan əlavə, AÇG-də “Dərinsulu Günəşli” (DWG) sahəsi ərazisində dərinlikdə çoxquyulu müdaxilə kampaniyasına start verilib.
Kampaniya çərçivəsində dəniz əməliyyatlarının 2026-cı ilin sonunadək başa çatdırılması gözlənilir.
“BP Exploration (Caspian Sea) Limited” AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxış edir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:
bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%, ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh – 2,92%.
