Bakı. Trend:
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə “Gran Tierra Energy Inc.” şirkəti arasında Azərbaycan Respublikasının Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
Trend bu barədə SOCAR-a istinadən xəbər verir.
Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gran Tierra Energy Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Gary Guidry imzalayıblar.
Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək “Gran Tierra Energy Inc.” 65% iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.
Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra qüvvəyə minəcək.
