...

Parlamentin komissiya sədri: "Azərbaycan Avropa məkanında özünün enerji təhlükəsizliyini təmin edən ölkə kimi tanınır"

Energetika Materials 16 Yanvar 2007 14:26 (UTC +04:00)

Azərbaycan Avropa məkanında özünün enerji təhlükəsizliyini təmin edən ölkə kimi tanınır. Trend in məlumatına görə, Azərbaycanın enerji sektorunda baş verən son prosesləri şərh edən Milli Məclisin İqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə belə deyib.

Komissiya sədrinin fikrincə, iqtisadi inkişafla enerji təhlükəsizliyi arasında qırılmaz əlaqə mövcuddur. Bundan başqa, ölkəmizin enerji imkanları böyükdür və bu istiqamətdə inkişaf prosesi gedir.

"Artıq Azərbaycanın bölgələrində-Astara, Şəki, Naxçıvan, Xaçmazda modul elektrik stansiyaları tikilib istifadəyə verilib. Bütün bunlar gələcəkdə enerji bazasının möhkəmlənməsinə və inkişaf etməsinə yeni imkanlar açır. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı beynəlxalq aləmdə də ölkəmizin nüfuzunun artrmasına, mövqelərimizin möhkəmlənməsinə əsaslı təsir göstərir", - deyə Ziyad Səmədzadə vurğulayıb.

Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğal olunmasına baxmayaraq, ölkəmizin düzgün, məqsədyönlü siyasi kurs nəticəsində uğurla inkişaf etdiyini bildirən komissiya sədri hesab edir ki, bu uğurlar işğal olunmuş ərazilərimizin geri qaytarılacağını şərtləndirən amillərdir: "Bu mənada iqtisadiyyatın güclənməsi işğalçı dövləti geri çəkilməyə məcbur edəcək. Çünki güclü Azərbaycanla zəif Ermənistan mübarizə aparmaq iqtidarında olmayacaq."

Xəbər lenti

Xəbər lenti