Bakı. Trend:
Azərbaycan banklarının kredit portfeli 20,7 milyard manatadək artıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev çərşənbə axşamı "Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, 2023-cü il aprelin 1-nə Azərbaycan banklarında depozitlər 34,6 milyard manat təşkil edir.
"Son beş il ərzində Azərbaycan banklarının xalis mənfəətində əhəmiyyətli artım müşahidə olunub. Belə ki, bu göstərici artıq 914,5 milyon manata çatıb. Bank kartlarının emissiyalarının və onlar üzərindən aparılan əməliyyatların sayı da yüksək sürətlə artmaqdadır", - o deyib.
Z. Nuriyev Azərbaycanın bank sisteminin yaxın gələcəkdə regionda ən dayanıqlı bank sistemlərindən biri olacağını vurğulayıb.
"Maliyyə aktivliyində, inklüzivlikdə, həmçinin istər əhaliyə, istərsə də bütünlükdə sahibkarlıq fəaliyyətinə maliyyə dəstəyinin yeni vasitə və mexanizmlərinin sayında artım gözlənilir", - deyə o əlavə edib.
Qeyd edək ki, 2023-cü il aprelin 1-nə bankların toplam aktivləri 44,843 milyard manat, toplam öhdəliklər isə 38,993 milyard manat təşkil edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)