Bakı. Trend:
Azərbaycanda elektrik avtomobilləri üçün şarj infrastrukturu sahəsində normativ aktlar hazırlanır və elektromobil sektorunun inkişafı üçün milli strategiya yaradılır.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Hidrogen və yaşıl texnologiyalar şöbəsinin müdiri Rəna Hümbətova Bakıda keçirilən “iqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində beynəlxalq konfransın son günündə "İstixana qazı emissiyaları anlayışımızda inqilab: empirik məlumatların, süni intellektin və qabaqcıl analitikanın rolu" mövzusunda keçirilən panel müzakirəsində bildirib.
R.Hümbətova enerji sektorunda 2 əsas tendensiyanı vurğulayıb: elektrikləşdirmə və mərkəzsizləşdirmə.
"Azərbaycanda elektrik avtomobilləri üçün şarj infrastrukturu sahəsində normativ aktlar hazırlanır və elektromobil sektorunun inkişafı üçün milli strategiya yaradılır.
Biz tenderlər keçiririk, konsaltinq şirkətləri ilə əməkdaşlıq edirik və bu texnologiyaların enerji sistemində yük paylanmasına necə təsir edəcəyini proqnozlaşdırırıq", – o vurğulayıb.