Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən baş ofisi ilə təmiz enerji sahəsində qlobal lider olan “Masdar” şirkəti Azərbaycanda 10 giqavatt gücündə bərpa olunan enerji portfeli çərçivəsində yeni layihələrin həyata keçirilməsinə hazırdır.
Bu barədə Trend-ə verdiyi özəl müsahibədə “Masdar” şirkətinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Murad Sadıxov danışıb.
Onun sözlərinə görə, "Masdar" Azərbaycan hökuməti ilə bütün portfeli əhatə edən iki böyük layihənin həyata keçirilməsi üzrə saziş imzalayıb.
“Bu 10 giqavatlıq portfelə 2 giqavatt quruda külək enerjisi, 2 giqavatt günəş enerjisi, habelə 6 giqavatt dənizdə külək enerjisi və "yaşıl" hidrogen daxildir. Bu portfeldən biz hazırda 1 giqavatlıq hissəsini – üç layihəni – həyata keçirməkdəyik. Energetika Nazirliyi və digər aidiyyəti qurumlarla birlikdə bir sıra tədqiqatlar aparılıb. Birinci tədqiqat yaşıl enerji sahəsində bazar imkanlarının müəyyənləşdirilməsinə həsr olunub.
Azərbaycanda "yaşıl" enerji üzrə daxili və xarici imkanlarla bağlı ətraflı marketinq planının hazırlanması üçün biz beynəlxalq məsləhətçi seçmişik. Plan orta və uzunmüddətli dövrü əhatə edir, həmçinin, Energetika Nazirliyinə "yaşıl" enerjidən maksimum istifadə və ölkədə enerji keçidinin sürətləndirilməsi üçün tövsiyələr verir”, – deyə Sadıxov bildirib.
“Masdar” nümayəndəliyinin rəhbəri qeyd edib ki, ikinci tədqiqat elektrik şəbəkəsinin dayanıqlılığı və imkanlarına həsr olunub və bu, yalnız “Masdar” layihələrini deyil, ümumilikdə ölkənin enerji sistemini əhatə edib.
“Bu məqsədlə çox peşəkar bir məsləhətçi seçdik. O, "Azərenerji’ ilə birlikdə şəbəkə üzrə kompleks araşdırma apararaq, bərpa olunan enerji layihələrinin şəbəkəyə qoşulması üçün tələb olunan minimal gücləri hesablayıb”, – deyə o qeyd edib.
Sadıxov vurğulayıb ki, həyata keçirilən layihələr təkcə ekoloji vəziyyətin yaxşılaşdırılmasına deyil, həm də iqtisadi artıma töhfə verməyə yönəlib.
“Məsələn, Biləsuvar və Neftçaladakı layihələrimiz 135 000-dən çox evin elektrik enerjisi ilə təmin edilməsinə imkan verəcək və ildə 730 000 tondan çox CO₂ tullantısının qarşısını alacaq”, – deyə o əlavə edib.
10 giqavatlıq layihə portfelinin tam həyata keçirilmə müddətinə gəlincə, Sadıxov bildirib ki, "Masdar" bu gücləri bir neçə il ərzində reallaşdırmağa hazırdır:
“Lakin məsələ təkcə investorların hazır olması ilə bitmir – burada elektrik şəbəkəsinin infrastrukturu və bazarın hazırlığı da vacibdir. Layihələrin həyata keçirilməsinin bir neçə ssenarisi mövcuddur”.
O əlavə edib ki, Azərbaycanla Avropa arasında "yaşıl" enerjinin ixracı üçün marşrut hazır olan kimi, “Masdar” və digər investorlar bu prosesi dəstəkləməyə hazır olacaqlar.
“Bu 10 giqavatt çərçivəsində, həmçinin, daha kiçik təşəbbüslərimiz və ixrac imkanlarımız da var”, – deyə o izah edib.
“Qaradağ” Günəş Elektrik Stansiyası
Sadıxov bildirib ki, “Masdar” Azərbaycanda yerləşən “Qaradağ” günəş elektrik stansiyasının mövcud gücünün genişləndirilməsində böyük potensial görür.
“Stansiyanın pik gücü 230 meqavatdır və tam gücü ilə işləyir. Artıq Energetika Nazirliyi ilə stansiyanın gücünün artırılması məsələsi üzrə müəyyən məsləhətləşmələr aparmışıq. Sahəmizin yaxınlığında çoxlu sayda əlçatan torpaq sahələri var və biz genişlənmək üçün yaxşı potensial görürük”, – deyə o bildirib.
İkincisi, onun sözlərinə görə, istehsal olunacaq enerjini alacaq potensial alıcının (offteykerin) tapılması vacibdir.
“Bu məsələlər hazırda müzakirə olunur. Belə imkan yarandıqda, düşünürəm ki, layihənin yeni mərhələsini başlada biləcəyik”, – deyə o əlavə edib.
Sadıxov qeyd edib ki, 2025-ci ilin iyun ayında “Qaradağ” günəş elektrik stansiyasının elektrik enerjisi istehsalı ümumilikdə 68,8 milyon kilovatt-saat təşkil edib.
“Bu, 2025-ci ildə "Qaradağ" stansiyasının faktiki generasiya göstəricisidir. 9 iyulda stansiyanın istifadəyə verilməsindən bu günə qədər ümumilikdə 800 milyon kilovatt-saat "yaşıl" enerji istehsal olunduğunu qeyd etdik. Bu, çox yüksək göstəricidir”, – deyə o bildirib.
Stansiyada istifadə olunan innovativ texnologiyalar barədə danışan Sadıxov qeyd edib ki, obyekt 570 000 ədəd ikitərəfli günəş panelindən ibarətdir.
“Bu yeni texnologiya enerjini panellərin həm ön, həm də arxa tərəfindən hasil etməyə imkan verir. Günəşin hərəkətini və bucağını izləyən sistemdən istifadə olunur. Stansiyada 820 ədəd sim invertoru var və bütün enerji "Azərenerji"nin şəbəkəsinə ötürülür”, – deyə Sadıxov izah edib.
O əlavə edib ki, stansiyada hər şeyin düzgün işləməsini təmin etmək üçün "Masdar" şirkətinin texniki xidmət komandası fəaliyyət göstərir.
“Günəş stansiyasının istismarı və texniki xidməti uzunmüddətli marafondur. Bu stansiya daim tam gücü ilə işləməlidir. Ona görə də "Masdar" şirkətinin bu sahədə ixtisaslaşmış texniki xidmət şirkəti var – “Masdar Specialized Technical Service Company” (MSTS). Ərazidə stansiyanın istismarında böyük təcrübəyə malik 20-dən çox əməkdaş çalışır”.
Biləsuvar və Neftçala Günəş Elektrik Stansiyaları layihələri
“Masdar və “SOCAR Green” üç layihə üzərində işləyir: Biləsuvar (445 meqavatt) və Neftçala (315 meqavatt) günəş elektrik stansiyaları, eləcə də, Abşeron-Qaradağ külək layihəsi (240 meqavatt)”, – deyə o bildirib.
Sadıxov qeyd edib ki, Biləsuvar və Neftçala günəş elektrik stansiyaları üzrə ilkin layihələndirmə işləri aparılır.
“Artıq mühəndis araşdırmaları, təchizat və tikinti işləri (EPC) üzrə podratçı seçilib, o sahədə səfərbər olub və ilkin tədqiqatları tamamlayıb”, – deyə o qeyd edib.
Sadıxov vurğulayıb ki, hər iki stansiyanın – Biləsuvar və Neftçala – ilkin enerji təminatına, yəni şəbəkəyə qoşulmasına və elektrik enerjisi istehsalına gələn ilin ortalarında başlanacağı planlaşdırılır.
“Abşeron-Qaradağ” Külək Elektrik Stansiyası
O əlavə edib ki, şirkət “Abşeron-Qaradağ” külək elektrik stansiyası üçün külək resurslarının ölçülməsi kampaniyasını davam etdirir.
“12 aylıq ölçmə mərhələsini başa çatdırmalıyıq, bu, ilin sonunadək planlaşdırılır. Bundan sonra mühəndis araşdırmaları, təchizat və tikinti (EPC) işləri üzrə podratçının seçilməsi prosesi başlayacaq. Tikinti işlərinə 2026-cı ilin əvvəlində başlamağı planlaşdırırıq. Bu, ilkin və mühəndis işlərinin yekunlaşmasından asılıdır, lakin bütün işlərin 2027-ci ilin sonuna qədər tamamlanması nəzərdə tutulur”, – deyə Sadıxov yekunlaşdırıb.