Azərbaycan, Bakı, 27 yanvar / Trend /
2010-cu il yanvarın 23-də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində informasiya texnologiyaları sahəsində çalışan şəxslərin mükafatlandırılma mərasimi keçirilib. Təltif olunanların arasında Azerfon MMC-in əməkdaşı - Database üzrə baş administratoru Teymur Hacıyev də olub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev informasiya texnologiyaları sahəsində çalışan şəxslərin medal və ordenlərlə mükafatlandırılması haqqında 14 dekabr 2009-cu ildə Sərəncam imzalayıb. Teymur Hacıyev Azərbaycanda İKT inkişafı sahəsində məhsuldar fəaliyyətinə görə "Tərəqqi" medalına layiq görülüb.
Teymur Hacıyev Oracle korporasiyasının təşkil etdiyi beynəlxalq imtahanda iştirak edib və informasiya texnologiyaları sahəsində ölkəmizi beynəlxalq arenada uğurla təmsil edib.
Azerfon MMC telekommunikasiya daxil olmaqla, müxtəlif sahələr üçün həllərin yaradılmasında Oracle kimi qabaqcıl şirkətlərin məhsullarından və texnologiyalarından istifadəyə daim böyük diqqət yetirir.
Oracle şirkətinin təqdim etdiyi informasiya texnologiyalarının istifadəsi heç də təsadüf deyil. Belə ki, Oracle Corporation ən iri ABŞ şirkətlərindən biridir və məlumat bazalarının idarə olunması sistemlərinin, məlumat bazalarının hazırlanması üçün alətlərin, habelə ERP-sistemlərin tərtibatçısıdır. Oracle korporasiyası korporativ proqram təminatının istehsalı üzrə dünyada liderdir. Oracle korporasiyasının hər il keçirdiyi laborator imtahanlar və təqdim etdiyi sertifikatlar dünyanın istənilən ölkəsində qəbul olunur və informasiya texnologiyaları sahəsində böyük nüfuza malikdir.