Azərbaycan, Bakı, 21 dekabr /Trend/
2010-cu ilin dekabr ayında "Bakcell Ltd.", "Alcatel-Lucent" və "Junior Achievement Azərbaycan" təşkilatı yeni internet portalı - www.imtb.mobi təqdim edirlər. Bu portalın vasitəsilə "Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramında iştirak edən tələbələr məsafəli tədrisdən istifadə etmək imkanı əldə edəcəklər. Proqramda iştirak edəcək tələbələrin seçimi və qiymətləndirilməsi ilə yanaşı, IMTB portalı vasitəsilə işə hazırlıq və biznes-etika üzrə interaktiv təlimlər həyata keçiriləcək, mobil şəbəkənin fəaliyyəti və mobil telekommunikasiya sənayesində informasiya texnologiyalarının istifadəsi tədqiq olunacaq, bu sahədə baş verən innovasiyalar, WiMAX, LTE və 4G texnologiyaların perspektivləri təhlil ediləcək.
"Mobil Telekommunikasiya Biznesinə Giriş" proqramı Bakcell Ltd.-nin maliyyə dəstəyi və "Alcatel-Lucent Azərbaycan" şirkəti ilə tərəfdaşlıq çərçivəsində 2010-cu ilin sentyabrında başlanıb. İki il ərzində həyata keçiriləcək proqram çərçivəsində texniki sahədə təhsil alan 90 nəfər 1-ci və 2-ci kurs tələbəsi işə hazırlıq və biznes-etika üzrə təlim alacaq, mobil telekommunikasiya sektoruna dair ardıcıl təlimlərdə iştirak edəcək və əldə etdikləri bilikləri Bakcell və Alcatel-Lucent şirkətlərində peşəkar istiqamətləndirmə vasitəsilə təcrübə kursunda tətbiq edəcəklər.
Proqram barədə ətraflı məlumatı IMTB Portalın /www.imtb.mobi/, Bakcell Ltd. şirkətinin /www.bakcell.com/ və JA Azərbaycan təşkilatının /www.jaazerbaijan.org/ veb saytlarından əldə etmək olar.