Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi telekommunikasiya qovşaqlarında internet-servis-provayderlərin biznesinin inkişafı üçün lazımi şərait yaradıb. Bu barədə Trend-ə şənbə günü Azərbaycan İnternet Cəmiyyətinin (AİC) sədri Qalib Qurbanov deyib.
Qurbanovun sözlərinə görə, operatorun fevralın əvvəlində bütün internet-provayderlərin, eləcə də "Bakı Telefon Rabitəsi"nin telekommunikasiya qovşaqları və infrastruktur bölmələrinin rəhbərlərinin iştirakı ilə müzakirə etdiyi internet-provayderlərlə qarşılıqlı fəaliyyət məsələləri praktiki öz müsbət həllini tapıb və hazırda operatorun və provayderlərin qarşılıqlı fəaliyyətində ciddi problem yaranmır.
"İlk növbədə, operator internet-provayderlərin son istifadəçilərin ADSL-ə qoşulması zamanı qarşılaşdıqları bütün bürokratik maneələri aradan qaldırıb. Əvvəllər müştərinin qoşulması üçün operatora yazılı müraciət edilməsi və onun baxılmasına azı bir həftə tələb olunurdusa, bu gün operatora müraciət daha operativ daxil olur, bu isə son istifadəçinin qoşulması ilə bağlı məsələni iki gün ərzində həll etməyə imkan verir", - Qurbanov bildirib.
AİC sədrinin sözlərinə görə, bundan başqa, provayderlər operatorun telekommunikasiya qovşaqlarında quraşdırılan avadanlıqlardan istifadə etmək imkanı əldə ediblər.
Provayderlərin respublika ərazisində biznesinin inkişafı üzrə regional ekspansiyası məsələsinə gəldikdə, Qurbanovun sözlərinə görə, bu məsələ hələ ki açıq olaraq qalır. Əsas səbəb telekommunikasiya xidmətlərinə olan yüksək tariflərdir, daha dəqiq desək, portalların optik xətlərə qoşulması, optik-lif kabelinin çəkilməsi, kabel-kanalizasiya sistemlərindən istifadənin və s. qiymətidir.
Bundan əvvəl Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Aztelekom və "Bakı Telefon Tabitəsi" istehsalat birliklərinin rəhbərliyinə özəl internet- servis-provayderlərin biznesinin inkişafı üçün lazımi şəraitin yaradılmasına kömək göstərilməsi barədə tapşırıq vermişdi.
Abbasovun sözlərinə görə, nazirliyə dəfələrlə dövlət rabitə operatorlarının telekommunikasiya qovşaqları vasitəsilə bəzi provayderlərə öz bizneslərinin inkişaf etdirilməsində maneələrin yaradılması barədə şikayətlər daxil olub. Nazir bildirib ki, bu, yolverilməzdir.