Azərbaycan, Bakı, 11 may /Trend, müxbir H.Vəliyev/
Azərbaycanın mobil rabitə operatorları anonim zəng xidmətinin göstərilməsindən imtina edə bilərlər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Bakcell şirkətinin baş hüquqşünası Mehman Səmədov deyib.
Səmədovun sözlərinə görə, bu gün məsələ Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi səviyyəsində aktuallıq qazanır. Müvafiq tapşırıqla bu xidmət mobil rabitə operatorları tərəfindən göstərilən xidmətlər siyahısından çıxarılacaq.
"Bu xidmətin göstərilməsi yalnız rəqabətin alətlərindən biridir. Onun bir operatorda olması və ya digərində olmaması bəzən şəbəkəyə qoşulma zamanı abonentin seçiminə təsir göstərir", - Səmədov bildirib.
Bakcell şirkətinin korporativ satışlar şöbəsinin rəhbəri Zaur Bayramovun sözlərinə görə, anonim zənglərin qarşısının alınması məsələsi artıq aparat səviyyəsində həyata keçirilib və əksər mobil telefonlarda zənglərə qadağa və gizli nömrələrdən daxil olan müəyyən nömrələrin "qara sıyahı"ya daxil edilməsi funksiyası fəaliyyət göstərir.
Azərbaycanın mobil rabitə operatorlarının anonim zəng xidmətinin ləğvi məsələsi rabitə naziri Əli Abbasovun nazirlik tərəfindən mobil telefon istifadəçilərinə gizli nömrələrdən edilən zənglərin qarşısının alınması üçün yeni tənzimləyici sənəd hazırlanması barədə açıqlamasından sonra aktuallaşıb.
Nazirin sözlərinə görə, hazırda bununla bağlı müraciətlər, şikayətlər çoxdur. Müəyyən tədbirlər görüləcək. Tənzimləyici orqan kimi nazirliyin belə hallara qarşı mübarizə aparmaq üçün müəyyən səlahiyyətləri var.