Azərbaycan, Bakı, 29 iyun /Trend, müxbir H.Vəliyev/
Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına (2011-2015-ci illər) uyğun olaraq Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə informasiya kommunikasiya texnologiyalarından istifadə üzrə bir sıra tədbirlərin görülməsi tapşırılıb.
Sənədə əsasən, yeni texnologiyaların tətbiqi ilə ölkənin kommunikasiya şəbəkəsinin elektronlaşdırılması, mövcud şəbəkənin təkmilləşdirilməsi və əhalinin rabitə xidmətlərinə keyfiyyətli çıxışının təmin edilməsi məqsədilə işlərin görülməsi tapşırılıb.
Bundan başqa, respublikanın telekommunikasiya şəbəkəsində yeni texnologiyaların (İPTV, ADSL, Wifi, Wimax, 3G, 4G, peyk rabitə sistemləri və s.) və CDMA şəbəkəsi ilə mobil rabitə xidmətlərinin tətbiqinin genişləndirilməsi də planlaşdırılır.
Rabitə Nazirliyinə və Tarif Şurasına telefon rabitəsi və internet xidməti tariflərinin optimallaşdırılması və stimullaşdırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi tapşırılıb.
2015-ci ilədək milli radio və televiziya proqramlarının peykdən paket yayımının təşkili, respublikada universal telekommunikasiya və poçt xidmətlərinin təşkilinin başa çatdırılması və İKT sektorunda innovasiyaların tətbiqinin genişləndirilməsi məqsədilə tətbiqi elmi tədqiqatların aparılması sahəsində işlərin davam etdirilməsi təmin ediləcək.
Qarşıya qoyulan vəzifəyə əsasən, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yüksəktexnologiyalı məhsulların istehsalı üzrə xüsusi innovasiya zonasının yaradılması ilə bağlı məsələni həll etməlidir.