...

"Vodafon"un yeni strateji tərəfdaşlığı Azərbaycan abunəçiləri üçün yeni rouminq imkanları açır

Telekommunikasiya Materials 12 Oktyabr 2011 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir H.Vəliyev/

"Vodafon Qrup" (Vodafone) və 320 milyon istifadəçiyə malik Asiya qitəsinin ən böyük mobil operatorlar şəbəkəsi olan "Conexus Mobile Alliance" şirkəti (Conexus) strateji tərəfdaşlıq yaradacaqlarını elan ediblər.

"Azerfon" şirkətindən çərşənbə günü Trend-ə verilən məlumata görə, bu tərəfdaşlığa əsasən, "Vodafon" Asiyanın 10 ölkəsini əhatə edən "Conexus" şirkətinin üzvü olan bir çox mobil operatorlarla işləyəcək ki, bu da "Vodafon" şirkətinin Asiya bazarında iştirakını əhəmiyyətli dərəcədə artıracaq.

Bu tərəfdaşlığın Azərbaycan abunəçiləri üçün faydasından danışan "Azerfon" şirkətinin baş icraçı direktoru Yurgen Pitz deyib: "Azərbaycanda ən sürətlə inkişaf edən və innovativ mobil operator kimi "Azerfon" "Vodafon" ilə hazırkı tərəfdaşlığından abunəçilərimizin faydası üçün maksimum dərəcədə istifadə etməyə çalışır. Azərbaycanda ilk dəfə olaraq biz Azerfon-Vodafon ticarət nişanı altında 3G xidmətlərini təqdim etdik. "Conexus" və "Vodafon" arasında əldə olunan yeni tərəfdaşlıq "Azerfon"un dünya ölkələri üzrə rouminq şəbəkəsini genişləndirməklə bizim abunəçilər üçün yeni imkanlar yaradır. Son iki il ərzində biz istifadəçilərimizin Asiya ölkələrində rouminq xidmətlərindən istifadəsində artım müşahidə etmişik və bu yeni tərəfdaşlıq Azerfon-Vodafon abunəçiləri üçün Asiya qitəsində bizim mövcud rouminq şəbəkəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsi deməkdir".

"Vodafon" şirkətinin Tərəfdaş Bazarlar Qrupunun baş icraçı direktoru Pol-Gerhard İtyeşorst bildirib: "Böyük məmnuniyyətlə bildirmək istəyirik ki, bundan sonra "Azerfon" abunəçiləri Asiya qitəsinin Yaponiya, Honkonq, Sinqapur, Tailand, Tayvan və Filippin kimi ölkələrində rouminq xidmətlərindən daha geniş formada istifadə edə biləcəklər. "Vodafon" Azərbaycanda ilk dəfə 3G xidmətlərini təqdim edən "Azerfon" mobil operatorunun inkişafını dəstəkləyir və buna misal olaraq, rouminq xidmətlərimizdəki yeniliklərdən Azərbaycan abunəçilərinin də faydalanacağını qeyd edə bilərik".

Tədricən "Vodafon"un "Conexus" şirkəti ilə olan razılaşması "FarEasTone" (Tayvan), "Hutchison Telecom" (Honkonq), NTT DOCOMO (Yaponiya), SMART (Filippin), "StarHub" (Sinqapur) və "TrueMove" (Tayland) kimi mobil operatorlarla tərəfdaşlığı da ehtiva edəcək. Bu sövdələşmə "Vodafon"un Tərəfdaşlar Qrupuna daxil olan operatorların, o cümlədən Azerfon-Vodafon mobil operatorunun istifadəçilərinin daha geniş rouminq şəbəkəsi və ən sərfəli rouminq tarifləri ilə təmin olunmasına kömək edəcək.

Xəbər lenti

Xəbər lenti