...

Azərbaycan ilə ABŞ arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Telekommunikasiya Materials 6 Aprel 2012 14:35 (UTC +04:00)
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ Senatının aparat rəhbərləri ilə görüş keçirilib.
Azərbaycan ilə ABŞ arasında İKT sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycan, Bakı, 6 aprel /Trend/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ABŞ Senatının aparat rəhbərləri ilə görüş keçirilib. Trend-in məlumatına görə, bu barədə nazirliyin cümə günü yaydığı məlumatda deyilir.

Görüşdə rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov ölkədə İKT sahəsində həyata keçirilən islahatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib.

ABŞ ilə Azərbaycan arasında bütün sahələrdə sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirən nazir müavini qeyd edib ki, Azərbaycan ilə ABŞ həm də strateji tərəfdaşdır. Məmmədov son illər bu tərəfdaşlıq əlaqələrinin Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sektorunun inkişafı fonunda daha da genişləndiyini bildirib.

Bu ölkənin İT sahəsində fəaliyyət göstərən ən nüfuzlu şirkətlərinin Azərbaycanda ofislərinin olduğunu və yerli layihələrdə aktiv şəkildə iştirak etdiyini qeyd edən nazir müavini Azərbaycan və bütünlükdə region üçün böyük əhəmiyyət kəsb edən qlobal layihələrdə ABŞ təcrübəsinin mənimsənilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib.

İltimas Məmmədov İKT sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin qarşılıqlı əlaqələrin inkişafına dəyərli töhfələr verəcəyini vurğulayıb.

Öz növbəsində, amerikalı senatorlar ölkədə qeydə alınan dinamik inkişafı, qısa müddət ərzində həyata keçirilən uğurlu islahatları təqdirəlayiq hal kimi dəyərləndiriblər. İKT sektorunda həyata keçirilən işlərlə də yaxından tanış olduqlarını bildirən Senat üzvləri sektor üzrə uğurlu nəticələrin əldə olunduğunu xüsusi vurğulayıblar. Onlar təcrübə mübadiləsi üçün qarşılıqlı əlaqələrin hər iki ölkənin müvafiq sektoru üzrə əldə olunan nəticələrə müsbət təsir edəcəyini bildiriblər.

Sonra "Azərkosmos" ASC-nin idarə heyətinin sədri Rəşad Nəbiyev ölkədə İKT sektorunda həyata keçirilən və görülməsi planlaşdırılan işlərlə bağlı geniş təqdimatla çıxış edib.

Xəbər lenti

Xəbər lenti