...

Azercell-in təşəbbüsü ilə mətbuat nümayəndələri üçün növbəti peşə təlimi keçirildi

Telekommunikasiya Materials 30 Oktyabr 2013 18:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

"Azercell Telekom" hər zaman ölkədə mətbuatla əməkdaşlığa və mətbuatın inkişafına yönəlmiş layihələrə və xüsusi önəm verib.

Ən yaxşı araşdırma məqaləsi üzrə müxtəlif müsabiqələr, bu və ya digər ölkə və regionlarda telekommunikasiya sahəsinin inkişafı ilə daha yaxından tanış olmaq imkanı yaradan şirkətin Türkiyədə və İsveçdə yerləşən baş ofislərinə səfərlər bunun bariz nümunəsidir. Artıq uzun müddət ərzində şirkətin dəstəyi ilə jurnalistlər üçün təşkil olunan ingilis dili kurslarını xüsusilə qeyd etməyə ehtiyac var. Bu il isə jurnalistlərin müraciəti əsasında mövcud kurslara xüsusi olaraq rus dili kursu da əlavə olunub.

Azercell-in ölkə mətbuatının inkişafına gətirdiyi digər əhəmiyyətli töhfə mətbuat nümayəndələri üçün təşkil olunan peşə təlimləridir. "TV jurnalistika", "Biznes jurnalistika" kimi uğurla təşkil olunan kursların sayəsində "Azercell" artıq xarici mütəxəssislərin iştirakı ilə xüsusi təlimlərin keçirilməsində təcrübə toplayıb. Bu il isə şirkətin təşəbbüsü ilə Bakı və bölgələrdən müxtəlif mətbu orqanları təmsil edən 15 jurnalist üçün daha bir media-təlim təşkil olunub. Oktyabrın 28-29 tarixlərində keçirilən ikigünlük təlimdə təcrübəli jurnalistlərlə bərabər, artıq biliklərini bu peşədə tətbiq edən ali məktəbin son kursunda təhsil alan tələbələr də iştirak ediblər.

Tədbirə çap mətbuatının, informasiya agentliklərinin, xəbər portallarının, TV və regional KİV-lərin əməkdaşları qatılıblar. Geniş təcrübəyə malik türkiyəli mütəxəssislər Mehmet Binay və Ayzen Atalay xəbərlərin yazılması, işıqlandırılması üçün mövzu seçimi, müsahibə alma texnikası, səmərəli ünsiyyətin yeni növü olan sosial şəbəkələrdən istifadə və digər maraqlı mövzular üzrə mühazirələr oxuyub və praktiki təlimlər keçiriblər.

Müxtəlif tapşırıqlar zamanı biliklərin tətbiqi və həmin praktiki məşğələlərin videoyazısı ilə tanışlıq tədris olunan materialın jurnalistlər tərəfindən daha dərindən mənimsənilməsinə və onları maraqlandıran bütün sualları təlimçilər və həmkarlarla müzakirə etməyə imkan yaradıb.

Azercell-in təşkil etdiyi təlimin digər vacib amili isə Türkiyə və dünya KİV-lərinin iş prinsipləri ilə daha yaxın tanışlıq və təlimçilərin iştirakçılarla geniş fikir mübadiləsinin mümkün olması idi.

"Azercell" gələcəkdə də ölkə jurnalistikasının inkişafına yönəlmiş yenilikçi layihələrə dəstək göstərməkdə davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti