Azərbaycan, Bakı, 13 fevral /Trend, müxbir Hüseyn Vəliyev/
2015-ci ilin yanvar ayında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 1,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq ayı ilə müqayisədə 9,4 faiz çox əmtəə satılıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi keçən ilin yanvar ayı ilə müqayisədə 3,8 faiz bəndi artıb.
Cari ilin ilk ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar ayına nisbətən 1,5 dəfə artaraq 864,9 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 96,0 faizini qeyri-ərzaq malları təşkil edib.
2015-ci ilin yanvar ayında ictimai iaşə dövriyyəsinin həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 13,2 faiz artaraq 71,3 milyon manat olub. Hüquqi şəxslərin iaşə obyektlərində dövriyyənin həcmi 1,7 faiz, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektlərində isə 24,0 faiz artib.