...

Bakıda "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçirilib

Telekommunikasiya Materials 10 Aprel 2015 17:37 (UTC +04:00)
Bu gün “Microsoft Azerbaijan” və “incadea” şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda “Avtobiznes üçün müasir həllər” mövzusunda seminar keçirilib.
Bakıda "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçirilib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

Bu gün "Microsoft Azerbaijan" və "incadea" şirkətlərinin birgə təşkilatçılığı ilə Bakıda "Avtobiznes üçün müasir həllər" mövzusunda seminar keçirilib. Seminar avtodiler, satış və maliyyə menecerləri, xidmətin idarə olunması və müştəri xidmətləri nümayəndələri, həmçinin biznes rəhbərləri və sahibləri üçün təşkil olunub.

Tədbirdə çıxış edən "incadea Russia" şirkətinin baş direktoru Vitold Kovalskiy seminar iştirakçılarını şirkətin fəaliyyəti haqqında məlumatlandıraraq qeyd edib ki, "incadea" şirkəti avtomobillərin topdan və pərakəndə satışı ilə məşğul olan müəssisələr üçün həllər və xidmətlərin aparıcı qlobal tədarükçüsü olaraq BMW, "Volkswagen", "Opel", "Peugeot", "Mercedes-Benz", "Ford", "Audi", "General Motors", "Ferrari", "Citroen", "Renault" və bu kimi dünyaca məşhur brendlərlə əməkdaşlıq edir.

"Biz "Microsoft" korporasiyasının strateji və qlobal tərəfdaşıyıq. Hazırda şirkətimiz 77 ölkə üzrə 3 500 diler və 45 000-dən çox istifadəçiyə xidmət göstərir. Bizim məhsullarımız istifadəçilərə 25 dildə təqdim olunur", - deyərək V. Kovalskiy bildirib.

Avtobiznesin idarə olunması üçün IT həllərdən danışan V. Kovalskiy vurğulayıb ki, "incadea" şirkəti "Microsoft" platforması üzərində avtobiznesin kompleks avtomatlaşdırılması üçün "incadea.myengine", "incadea.bi" və "incadea.cvrm" kimi həlləri təklif edir. Məsələn, "Microsoft Dynamics NAV 2009" platformasının ən son versiyası əsasında hazırlanmış "incadea.myengine" məhsulu şirkətin resurslarının planlaşdırılması üçün nəzərdə tutulmuş standart proqram təminatıdır. Bu proqram təminatından platforma qismində istifadə edən "incadea" şirkəti avtomobil bazarında fəaliyyəti əhatə edən hərtərəfli biznes prosesləri paketini hazırlayıb. "incadea.myengine" əsas proseslərdən başqa (avtomobil parkının, ehtiyat hissələri və servis, mühasibat işlərinin idarə olunması) idxalçının fəaliyyətinin idarə olunması, servisin planlaşdırılması, kassa aparatının işinin təşkili və digər əlavə modulları özündə birləşdirir.

"Yeni "WebService" texnologiyası "incadea.myengine" və "Microsoft"un digər proqramları arasında məlumat mübadiləsini asanlaşdırır və sürətləndirir. Beləliklə, şirkətin təqdim etdiyi "incadea.myengine", "incadea.bi" və "incadea.cvrm" həllərindən yararlanmaqla istifadəçilər "SQL Server", "Office 365" və "Windows Azure" texnologiyalarından istifadə etmək imkanlarını əldə edir", - V. Kovalskiy əlavə edib.

Şirkətin nümayəndəsi seminar iştirakçılarına avtobiznes sahəsində "incadea" şirkətinin "Microsoft"un yeni texnologiyalar üzərində hazırladığı və qısa bir vaxt ərzində qənaətli tətbiqinə zəmanət verən diler müəssisəsinin idarə edilməsi sistemi, avtomobil sahibləri ilə əlaqənin idarə olunması sistemi, biznes-analitika üçün tətbiq, mobil və bu kimi digər həllərin tətbiqinin nümunələri nümayiş olunub.

Eyni zamanda, Microsoft Azerbaijan şirkətinin əməkdaşları avtodilerlər üçün "Office 365" xidməti haqqında ətraflı məlumat veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti