...

İqtisadiyyat və Sənaye Nazirliyinin Telefon Məlumat Mərkəzinin fəaliyyəti təkmilləşdirilib

Telekommunikasiya Materials 22 Sentyabr 2015 19:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Telefon Məlumat Mərkəzinin fəaliyyəti təkmilləşdirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 oktyabr 2013-cü il tarixli sərəncamı ilə İqtisadiyyat və Sənaye Nazirliyinin də daxil olduğu dövlət qurumlarının fəaliyyət sahələrini əhatə edən 195 Çağrı Mərkəzi yaradılıb. Sərəncama uyğun olaraq, 2009-cu ildən fəaliyyət göstərən İqtisadiyyat və Sənaye Nazirliyinin 192-2 Telefon Məlumat Mərkəzinin bazasında Çağrı Mərkəzi yaradılıb və müasir tələblərə uyğun olaraq mərkəzin fəaliyyəti daha da təkmilləşdirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Çağrı Mərkəzinin xidmətlərindən istifadə etmək üçün bütün telefonlardan heç bir koddan istifadə etmədən 195 nömrəsinə zəng edərək, "2" düyməsini yığmaqla nazirliyin səlahiyyətlərinə dair məsələlərlə bağlı müraciət etmək olar. Stasionar nömrələrdən "195-2" nömrəsinə edilən zənglər, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir. Çağrı Mərkəzi canlı rejimdə, qanunvericiliklə nəzərdə tutulmuş rəsmi iş günlərində fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.

Qeyd edək ki, indiyədək nazirliyin Çağrı Mərkəzinə 37 mindən çox müraciət daxil olub. Bu ilin avqust ayında isə Çağrı Mərkəzinə 700-dən çox müraciət edilib. Müraciətlər, əsasən, sahibkarlığın inkişafı, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi və nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlər barədə olub.

Mərkəzə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti